BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb. Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
TurkicWorld xəbər verir ki, görüş zamanı bölgədəki mövcud vəziyyət, gərginliyin yaratdığı nəticələr, eləcə də qarşıdurmanın səviyyəsinin aşağı salınması istiqamətində regional və beynəlxalq səylər müzakirə olunub. Tərəflər bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani mövcud böhranın həllində müdrikliyə və məsuliyyətli yanaşmaya üstünlük verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə yanaşma bölgənin təhlükəsizliyinin və sabitliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qətərin Baş naziri Tehran səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla da ayrıca görüş keçirib. Görüşdə bölgədəki vəziyyət və mövcud gərginliyin təhlükəsizlik və sabitliyə təsirləri nəzərdən keçirilib.
Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani və Məsud Pezeşkian gərginliyin azaldılması istiqamətində göstərilən səyləri də müzakirə ediblər. Danışıqlar zamanı tərəflər arasında dialoqun aparılması üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.
Qətər tərəfi bölgədəki böhranın diplomatik vasitələrlə həllinə və qarşıdurmanın genişlənməsinin qarşısının alınmasına yönəlmiş səylərin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.







