Son dəqiqə

İran

Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb

Bakı,TurkicWorld

Ötən gecə saatlarında Hörmüz boğazının qadağan olunmuş şərq hissəsindən keçməyə cəhd edən daha bir neft tankeri minaya düşüb.

Bu barədə İran ordusu məlumat yayıb.

"Qaydaları pozan neft tankerinin minaya düşməsi nəticəsində partlayış və yanğın baş verib", -deyə İran ordusu bildirib.

İran ordusu qeyd edib ki, ordunun Hərbi Dəniz Qoşunları Hörmüz boğazının şərqində vəziyyəti ciddi şəkildə izləyir və nəzarət edir.

"İran ordusu artıq neçənci dəfədir gəmi sahiblərinə xəbərdarlıq edir ki, Hörmüz boğazından təhlükəsiz keçid İran silahlı qüvvələri ilə koordinasiya edilməsi və dənizçilik qaydalarına riayət olunmasını tələb edir", -deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Mövzuya görə xəbərlər