Bakı,TurkicWorld
Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini bəyan edib.
TASS-ın məlumatına görə, bu barədə jurnalist öz "X" səhifəsində yazıb.
Karlsonun iddiasına görə, potensial hədəf İranın mərkəzi hissəsində yerləşən Koləng dağı ola bilər. İsrail kəşfiyyatının iddiasına əsasən, Tehran həmin ərazidə uranın zənginləşdirilməsi proqramını bərpa edib.
Jurnalistin sözlərinə görə, dağın altında uranın zənginləşdirilməsi işlərinin aparıldığı ehtimal edilən yeraltı tunellər yerləşir. Karlson iddia edir ki, ABŞ-nin adi silahları təxminən 90 metr qalınlığında qranit süxur qatını deşmək iqtidarında deyil. Buna görə də yeganə hərbi variant nüvə silahından istifadə ola bilər.
O, həmçinin bildirib ki, Netanyahu Vaşinqtona təzyiq göstərir və Tramp ilə belə bir zərbənin endirilməsi ehtimalını hər gün müzakirə edir:
"Bibi bu məsələ ilə bağlı hər gün Trampa zəng edir".
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.







