Bakı, TurkicWorld, Aygün İbrahimova
Tarix bəzən səssizcə dəyişdirilir. Bəzən qədim bir abidənin divarına vurulan lövhə, mərasim zalına verilən yeni ad və ya orada yerləşdirilməsi nəzərdə tutulan büst kifayət edir. Sonra da cəmiyyətə həmin məkanın tarixi haqqında başqa bir təsəvvür təqdim olunur. İrəvanın Göy məscidində baş verənlər məhz belə bir müzakirəni aktuallaşdırır.
İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin iştirakı ilə erməni şairi Yeqişe Çarentsin adının məscidin mərasim zalına verilməsini əks etdirən lövhənin açılması və gələcəkdə burada onun büstünün yerləşdirilməsinin planlaşdırılması ilk baxışda mədəniyyət tədbiri təsiri bağışlaya bilər. Ancaq söhbət adi bir ictimai məkandan getmir. Bu, XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş, Azərbaycan xalqının tarixi-mədəni yaddaşında xüsusi yeri olan Göy məsciddir.
Məsələnin mahiyyəti Çarentsin şəxsiyyəti və ədəbi irsi ilə bağlı deyil. Sual başqadır: İrəvanın ən mühüm müsəlman memarlıq abidələrindən birinin tarixi təqdim edilərkən onun həqiqi qurucuları, meydana gəldiyi siyasi-mədəni mühit və Azərbaycan xanlığı ilə bağlılığı hansı yerdə dayanır?
Bir abidənin yaddaşı
Göy məscidin tarixi XVIII əsrə, İrəvan xanlığının mövcud olduğu dövrə gedib çıxır. Məscid İrəvan xanı Hüseynəli xanın təşəbbüsü ilə inşa edilib. Təxminən 7 min kvadratmetr ərazini əhatə edən kompleks vaxtilə yalnız ibadət məkanı olmayıb. Burada mədrəsə hücrələri, kitabxana, geniş həyət və müxtəlif yardımçı tikililər yerləşib. Dörd minarəsi olan abidənin yalnız biri günümüzədək gəlib çatıb.
Bu xüsusiyyətlər Göy məscidin sıradan bir dini tikili olmadığını göstərir. O, İrəvanın müsəlman Şərqi ilə bağlı keçmişinin, xanlıq dövrünün ictimai həyatının və Azərbaycan memarlıq irsinin mühüm nümunələrindən biridir. Məscidin daşlarında yalnız memarlıq üslubu deyil, bütöv bir tarixi dövrün izləri yaşayır.
XX əsrdə abidənin taleyi isə mürəkkəb mərhələdən keçib. Sovet hakimiyyətinin dinə qarşı apardığı siyasət nəticəsində İrəvandakı bir sıra dini tikililər fəaliyyətini dayandırıb, bəziləri dağıdılıb. Göy məscid də bu təhlükədən kənarda qalmayıb. Sonradan muzey kimi istifadə olunan abidənin qorunub saxlanılmasında müxtəlif ziyalıların adı çəkilir. Onların arasında erməni şairi Yeqişe Çarentsin də adı var.
Lakin bu məsələnin tarixi təfərrüatları birmənalı deyil. On the Preservation of Persian Monuments in the Republics of Armenia adlı akademik araşdırmada ədəbiyyatşünas David Qasparyana istinadən Çarentsin məscidin xilas edilməsində birbaşa iştirak etmədiyi, rolunun dolayı xarakter daşıdığı bildirilir. Bu səbəbdən onun xidmətlərini mübahisəsiz tarixi fakt kimi təqdim etmək düzgün olmazdı. Şair XX əsrin tarixi proseslərinin iştirakçısıdır, Göy məscidin təməli isə ondan təxminən iki əsr əvvəl Hüseynəli xanın təşəbbüsü ilə qoyulub. Birinin mümkün xidmətini digərinin tarixi yerinə keçirmək olmaz.
Üslub mənşə demək deyil
Mərasimdə İranın yüksək səviyyədə təmsil olunması da diqqət çəkən məqamlardandır. Tehran uzun müddətdir Göy məscidin bərpasına və qorunmasına dəstək göstərir. Abidənin memarlığında İran memarlıq ənənələrinin təsiri də danılmazdır. Ancaq burada bir mühüm məqam unudulmamalıdır: memarlıq üslubu ilə tarixi mənşə eyni anlayış deyil.
Şərq memarlığında müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri təbiidir. Memarlıq formaları, bəzək elementləri və tikinti ənənələri sərhədlərdən kənara çıxaraq əsrlər boyu bir-birini zənginləşdirib. Lakin hər hansı abidənin hansı üslubda inşa edilməsi onun kim tərəfindən və hansı tarixi şəraitdə yaradıldığı faktını aradan qaldırmır.
Göy məscidin İran memarlıq ənənələri ilə bağlılığı Hüseynəli xanın adını, İrəvan xanlığının tarixini və Azərbaycan müsəlman icmasının bu şəhərin formalaşmasındakı rolunu kölgədə qoymaq üçün əsas ola bilməz.
Tehran müsəlman mədəni irsinin qorunmasını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim edir. Belə olan halda, İrəvandakı müsəlman abidəsinin tarixində Azərbaycan xalqının yerinin nə dərəcədə görünməsi də diqqətdən kənarda qalmamalıdır. Mədəni irsə ehtiram siyasi maraqlara uyğun seçilməməlidir. Əgər tarixi abidəni qorumaqdan danışırıqsa, onun bütün tarixi qatlarına eyni hörmətlə yanaşılmalıdır.
Ermənistanın yanaşmasında da ziddiyyətli məqamlar diqqət çəkir. Məscidin Hüseynəli xan tərəfindən inşa edilməsi faktı qeyd olunsa da, onun təqdimatında İrəvan xanlığının və Azərbaycan müsəlman icmasının tarixi irsinin bəzən arxa plana keçməsi müşahidə olunur.
Tarixi lövhələr dəyişə bilər, tarixi həqiqət yox
Yeqişe Çarentsin yaradıcılığında Şərq ədəbiyyatının, xüsusilə Firdovsinin «Şahnamə»sinin təsiri ayrıca maraq doğurur. Bu, şairin ədəbi dünyagörüşünü və Şərq mədəniyyəti ilə əlaqələrini anlamaq baxımından əhəmiyyətlidir. Ancaq ədəbi əlaqələri Göy məscidin tarixi kimliyinin təqdimatında əsas məqama çevirmək, onun Azərbaycan xanlığı dövrünə aid keçmişini isə ikinci plana keçirmək obyektiv yanaşma sayıla bilməz.
Hər bir xalqın öz görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək hüququ var. Lakin bu hüquq başqa xalqın tarixi irsinin təqdimatını dəyişdirmək hesabına həyata keçirilməməlidir. İrəvanın keçmişi bir dövrün, bir xalqın və ya bir siyasi hakimiyyətin sərhədlərinə sığmır. Bu şəhərin tarixində müxtəlif mədəniyyətlərin, icmaların və dövlətçilik ənənələrinin izləri var.
Göy məscidin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması təqdirəlayiqdir. Ancaq həqiqi qoruma yalnız binanın divarlarını, günbəzini və memarlıq detallarını saxlamaqdan ibarət deyil. Abidənin yaddaşını da qorumaq lazımdır. Əks halda, zahirən bərpa edilmiş bir tarixi məkanın daxilində onun həqiqi keçmişi tədricən unudula bilər.







