Son dəqiqə

Azərbaycan ABŞ

Azərbaycanın ABŞ-yə ixracı 66% artıb

Bakı,TurkicWorld

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 759,552 milyon ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamaya görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 250,4 milyon ABŞ dolları və ya 24,8% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,04%-i həcmində olub. Bununla da ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ABŞ-yə 80,304 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 milyon ABŞ dolları və ya təqribən 66% çoxdur.

Hesabat dövründə Azərbaycan ABŞ-dən 679,248 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 282,3 milyon ABŞ dolları və ya 29,4% azalma deməkdir. Bununla da ABŞ Azərbaycanın ən çox idxal əməliyyatları etdiyi ölkələr siyahısında 4-cü pillədə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 37,210 milyard ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,836 milyard ABŞ dolları və ya 5,2 faiz artıb.

Xarici ticarət dövriyyəsinin 23,865 milyard ABŞ dolları ixracın, 13,346 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 5,259 milyard dollar və ya 28,3 faiz artıb, idxal isə 3,423 milyard dollar və yaxud 20,4 faiz azalıb.

Nəticədə, Azərbaycanın xarici ticarət balansında 10,519 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,7 dəfə artıb.

Mövzuya görə xəbərlər