Son dəqiqə

İsrail Livan Yaxın Şərq təhlükəsizlik Beynəlxalq hüquq cənubi Livan Livan Ordusu Nəbatiyyə

İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan ordusu İsrailin davam edən hücumlarının ölkənin cənubunda hərbi qüvvələrin yerləşdirilməsi prosesini çətinləşdirdiyini və sakinlərin yaşayış məntəqələrinə qayıtmasına mane olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Livan ordusu açıqlamasında İsrail hərbçilərini mövcud razılaşmaları və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.

Ordunun X sosial şəbəkəsində yayımladığı bəyanatda İsrailin son hücumları zamanı Nəbatiyyə bölgəsində bir binanın, eləcə də bir dövlət məktəbinin, tibb məntəqəsinin, uşaq bağçasının və bir neçə yaşayış evinin bombalandığı qeyd olunub.

Livan ordusu bildirib ki, bu hücumlar İsrailin “cənub kəndləri və şəhərlərinə mümkün qədər böyük zərər vurmaq və sabitliyin yaradılmasına mane olmaq” siyasətini davam etdirdiyini göstərir.

Bəyanatda qeyd olunub ki, Livan ordusu ölkənin cənubunda üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edir, lakin İsrail hücumları səbəbindən qüvvələrin yerləşdirilməsinin tamamlanması və sakinlərin geri qayıtması istiqamətində ciddi çətinliklərlə üzləşir.

Livan ordusu cənub bölgələrində sabitliyin təmin edilməsi və əhalinin təhlükəsiz şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Mövzuya görə xəbərlər