BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun İsraillə aparılan danışıqlarda irəliləyiş olduğunu bildirib, lakin ölkə ərazisində İsrail hərbi qüvvələrinin qalmasına heç bir halda razı olmayacaqlarını vurğulayıb.
TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının açıqlamasına görə, Cozef Aun Maruni Təbliğat İnstitutunun nümayəndə heyəti ilə görüşdən sonra danışıqların vəziyyəti barədə danışıb.
Aun bildirib ki, Livan tərəfi üçün əsas məqsədlər İsrail qüvvələrinin ölkə ərazisindən çıxarılması, saxlanılan şəxslərin geri qaytarılması və dağıdılmış ərazilərin bərpasıdır.
Livan prezidenti vurğulayıb ki, İsrailin Livan torpaqlarında qalmasına, hətta bir qarış ərazidə belə hərbi mövcudluğuna icazə verilməyəcək.
Onun sözlərinə görə, danışıqlar Livana qarşı aparılmış dağıdıcı müharibənin nəticələrindən daha üstün seçimdir.
Aun bildirib ki, danışıqlar üçün çərçivə razılaşmasının imzalanmasından sonra İsrail hücumlarının azaldığı müşahidə olunub.
Onun açıqlaması ötən həftə Romada Livan və İsrail nümayəndələri arasında keçirilən danışıqlardan sonra verilib.
Bununla yanaşı, Livanın cənubunda İsrailin hərbi fəaliyyəti davam edir. Son hücumlarda Nəbatiyyə bölgəsində pilotsuz uçuş aparatları ilə həyata keçirilən zərbələr nəticəsində iki mülki şəxsin yaralandığı və xilasetmə qruplarının hədəfə alındığı bildirilib.







