BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Mülki Müdafiə Xidməti İsrailə məxsus pilotsuz uçuş aparatının Livanın cənubundakı Nəbatiyyə bölgəsində yanğını söndürən əməkdaşları hədəfə aldığını bildirib.
TurkicWorld xəbər verir ki, Livanın Mülki Müdafiə Baş İdarəsi sosial şəbəkədə yayımladığı açıqlamada humanitar fəaliyyət göstərən əməkdaşların hədəfə alınmasını pisləyib.
Açıqlamada bildirilib ki, Mülki Müdafiə əməkdaşları Nəbatiyyə bölgəsində otlaq sahədə baş verən yanğını söndürdüyü vaxt pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıblar.
Hücumdan sonra yanğınsöndürmə qruplarının təhlükəsiz əraziyə çəkilməyə məcbur olduğu qeyd edilib.
Livan Mülki Müdafiə Xidməti əməkdaşlar arasında xəsarət alan olmadığını açıqlayıb.
Bundan əvvəl Nəbatiyyə bölgəsində bir neçə İsrail pilotsuz uçuş aparatı hücumunun həyata keçirildiyi bildirilmişdi.
Livan Səhiyyə Nazirliyi hücumlardan birində iki mülki şəxsin yaralandığını açıqlayıb.
Digər hücumun isə "Ər-Risala" humanitar təşkilatının xilasetmə qrupuna qarşı həyata keçirildiyi və təcili yardım avtomobilinin zərər gördüyü bildirilib.







