BAKI,TurkicWorld,Yusif Şərifzadə
Omanın Xəsəb şəhəri sahillərindən təxminən 33 kilometr aralıda hərəkət edən gəminin naməlum mərmi ilə vurulduğu bildirilib.
TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi hadisə ilə bağlı məlumat aldığını açıqlayıb. Mərkəzin məlumatına görə, hadisə Xəsəb şəhərindən təxminən 18 dəniz mili məsafədə baş verib.
Mərkəz təsdiqlənmiş mənbəyə istinadən gəmiyə mənşəyi müəyyən edilməyən mərminin dəydiyini bildirib.
Mərminin gəmiyə dəyməsindən sonra yanğın baş verib. Daha sonra gəmidə yaranan yanğının tamamilə söndürüldüyü açıqlanıb.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi gəminin təhlükəsiz vəziyyətdə olduğunu bildirib.
Hadisə zamanı gəminin bütün heyət üzvlərinin xəsarət almadığı və təhlükəsiz şəraitdə olduğu qeyd edilib.
Mərminin haradan atıldığı və hücumun arxasında kimin dayandığı barədə hələlik məlumat verilməyib.







