BMT kənd təsərrüfatı Hörmüz boğazı ərzaq təhlükəsizliyi ərzaq qiymətləri

Hörmüz boğazındakı böhran kənd təsərrüfatına təsir göstərməyə başlayıb – BMT

BAKI,TurkicWorld

Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılması artıq kənd təsərrüfatında məhsuldarlığa təsir göstərməyə başlayıb. Yaranmış vəziyyətin ərzaq istehsalını azaltmaq və dünya bazarlarında qida məhsullarının qiymətlərini artırmaq təhlükəsi yaratdığı bildirilir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) prezidenti Alvaro Lario «Reuters» agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçilik fəaliyyətinin pozulmasının ilkin nəticələri artıq kənd təsərrüfatı məhsullarının yığımında hiss olunur.

Lario qeyd edib ki, boğazdan gübrə daşımalarının çətinləşməsi, yanacaq və nəqliyyat xərclərinin artması ərzaq təchizatı zəncirinin bütün mərhələlərində əlavə maliyyə yükü yaradır.

Vəziyyəti El-Ninyo iqlim hadisəsinin təsirləri və Qara dəniz üzərindən buğda tədarükündə yaranan fasilələr daha da mürəkkəbləşdirir.

Fond rəhbərinin sözlərinə görə, mövcud gübrə və yanacaq ehtiyatları ilkin mərhələdə böhranın təsirlərini müəyyən qədər zəiflətsə də, qeyri-müəyyənliyin uzanması fermerlərin əkin sahələri ilə bağlı daha ehtiyatlı qərarlar verməsinə səbəb olub.

Nəticədə bəzi təsərrüfatlarda gübrədən istifadə azaldılıb. Bu isə gələcək məhsuldarlığın aşağı düşməsi riskini artırır.

Lario əlavə edib ki, yanacağın bahalaşması kənd təsərrüfatı texnikasından istifadəni, xüsusilə mexanikləşdirilmiş məhsul yığımını da çətinləşdirir.

Beləliklə, Hörmüz boğazındakı nəqliyyat məhdudiyyətlərinin davam etməsi təkcə enerji bazarlarına deyil, həm də qlobal ərzaq təchizatına və kənd təsərrüfatı istehsalına mənfi təsir göstərə bilər.

Mövzuya görə xəbərlər