Bakı,TurkicWorld
Azərbaycan Türkiyədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) təmsil olunub.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "From Cleanup to Livable Cities: Azerbaijan’s Livable Baku Model and Shared Green Priorities in the Region" mövzusunda panel müzakirələr təşkil olunub.
Müzakirələrdə iştirak edən iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov şəhərlərin ekoloji dayanıqlılığının gücləndirilməsi, çirklənmiş ərazilərin bərpası və daha əlverişli yaşayış mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini və Azərbaycanın bu sahədə təcrübəsini vurğulayıb. Həmçinin bu istiqamətdə kompleks yanaşmanın tətbiqi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və regional əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib.
Tədbirdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmaqda olan "Yaşanılabilən Bakı" layihəsi barədə məlumat verilib. Layihənin tullantıların idarə olunması, çirklənmiş göllərin və torpaq sahələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması və dayanıqlı şəhər mühitinin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan pavilyonunda "Yaşanılabilən Bakı" layihəsinə dair məlumatlar da nümayiş etdirilib.





