BMT

BMT Azərbaycanla əməkdaşlıq çərçivəsində Xəzər dənizinin problemlərinə dəstəyini artıracaq

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanla 2026–2030-cu illər üçün imzalanmış əməkdaşlıq çərçivəsində ölkənin dayanıqlı iqtisadi inkişafına, iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühit problemlərinin həllinə dəstəyini davam etdirəcək.

Bunu BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində TurkicWorld-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə BMT arasında 2026–2030-cu illəri əhatə edən əməkdaşlıq çərçivəsi imzalanıb və sənəd çərçivəsində iki əsas istiqamət müəyyən edilib. Bu istiqamətlərdən biri inkişaf, digəri isə iqlim dəyişikliyi ilə mübarizə ilə bağlıdır.

"Biz hökumətlə birlikdə əldə olunan irəliləyişi ölçmək üçün müvafiq göstəricilər hazırlamışıq. Məqsədimiz konkret və real nəticələrə nail olmaqdır", – deyə o bildirib.

D.Şlapaçenko Xəzər dənizinin mövcud vəziyyətinin ciddi narahatlıq doğurduğunu vurğulayıb. O qeyd edib ki, BMT-nin müvafiq agentlikləri bu problemin həllində Azərbaycan hökumətinə dəstək göstərmək üçün səfərbər olunub.

"Xəzər dənizindəki vəziyyət çox təhlükəlidir. Biz BMT-nin imkanları daxilində Azərbaycan hökumətinə mümkün olan maksimum dəstəyi göstərməyə çalışacağıq", – deyə rezident-əlaqələndirici bildirib.

O, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, inklüziv inkişaf və dayanıqlı iqtisadi tərəqqi istiqamətində həyata keçirdiyi tədbirlərə də toxunub. Onun sözlərinə görə, BMT bu prosesdə Azərbaycan hökumətini müşayiət edir və ölkənin inkişaf prioritetlərinə uyğun dəstək göstərir.

D.Şlapaçenko Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin də strateji əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, ötən cümə günü Xankəndidə Azərbaycan hökuməti ilə BMT sistemi arasında strateji dialoq keçirilib və bu formatda əməkdaşlıq davam etdiriləcək.

Rezident-əlaqələndirici mina təhlükəsinin azad edilmiş ərazilərdə əsas problemlərdən biri olaraq qaldığını da vurğulayıb. Onun sözlərinə görə, gələn il BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə minatəmizləmə sahəsində yeni proqramına başlanılması gözlənilir.

"Bu, başlanğıc mərhələsidir. Biz Azərbaycan hökumətinin həyata keçirdiyi işləri dəstəkləməyə davam edəcəyik", – deyə D.Şlapaçenko əlavə edib.

Mövzuya görə xəbərlər