Son dəqiqə

Hörmüz boğazı

"Rystad Energy" Hörmüz boğazı vasitəsilə neft tədarükləri üzrə proqnozlarını yenidən nəzərdən keçirib

Bakı,TurkicWorld

2027-ci ildə Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmi tədricən bərpa olunacaq, lakin müharibədən əvvəlki səviyyəyə tam qayıtmayacaq.

Bu barədə "Rystad Energy" analitik şirkətinin geosiyasi təhlil şöbəsinin rəhbəri Xorxe Leonun hazırladığı son hesabatda bildirilib.

"Rystad Energy"nin baza ssenarisinə əsasən, 2027-ci ilin birinci yarısının sonunadək ABŞ və İran arasında məhdud razılaşma əldə oluna bilər. Bununla belə, tərəflər arasında əsas fikir ayrılıqları həll olunmamış qalacaq.

Şirkət vurğulayır ki, boğaz vasitəsilə neft tədarükünün artması vəziyyətin normallaşması demək deyil. Belə ki, gəmiçilik fəaliyyətinin bərpasına baxmayaraq, ticarət gəmilərinə hücumların sayı əhəmiyyətli dərəcədə artıb, dəniz daşımalarının dəyəri isə sürətlə yüksəlib.

"Rystad Energy" sentyabr ayında qarşıdurmanın uzun müddət davam edəcəyini, ardınca isə vəziyyətin tədricən yaxşılaşacağını proqnozlaşdırmışdı. Həmin vaxt analitiklər neft ixracının 2027-ci ilin əvvəlindən bərpa olunmağa başlayacağını və il ərzində normal səviyyəyə qayıdacağını gözləyirdilər.

Lakin şirkət indi proqnozunu yeniləyib. Yeni qiymətləndirməyə görə, neft tədarükü tədricən bərpa olunsa da, müharibədən əvvəlki göstəricilərə tam qayıtmayacaq.

Hesabatda qeyd olunur ki, sentyabr ayında və oktyabrın ilk 20 günündə Fars körfəzi ölkələrinin ümumi xam neft ixracı gündəlik orta hesabla 12 milyon barel təşkil edib. Bu göstərici münaqişənin əvvəlki mərhələlərində qeydə alınan minimum səviyyədən xeyli yüksək olsa da, müharibədən əvvəlki gündəlik 18 milyon barel göstəricisindən əhəmiyyətli dərəcədə aşağıdır.

Bununla yanaşı, dəniz gəmiçiliyinin təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşib. "Rystad Energy"nin məlumatına görə, gəmilərin hərəkətinin pozulması ilə bağlı insidentlərin sayı bir həftə ərzində 10-a, daha sonra isə 16-ya çatıb. Sonuncu göstəricidəki insidentlərin 13-ü birbaşa Hörmüz boğazında baş verib. Növbəti həftə isə daha 11 belə hadisə qeydə alınıb ki, onlardan səkkizi bilavasitə boğazda baş verib.

"Rystad Energy" hesab edir ki, ABŞ və İranın mövqeləri prinsipial olaraq fərqli olaraq qalır, diplomatik irəliləyiş isə məhduddur. Noyabrın əvvəlində ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonra da hərbi eskalasiyanın yenidən baş verməsi riski qalır.

Hesabatda bildirilir ki, hərtərəfli nizamlanmaya nail olmaq üçün İranın nüvə proqramı, sanksiyalar, Tehranın regionda dəstəklədiyi silahlı qruplaşmalar, dəniz gəmiçiliyinin təhlükəsizliyi ilə bağlı məsələlər həll edilməli, həmçinin İsrailin təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Analitiklər hesab edirlər ki, gələn il bütün bu fikir ayrılıqlarının aradan qaldırılması ehtimalı azdır.

Analitiklər OPEC+ alyansının siyasətinə də diqqət yetiriblər. Alyansın dekabr ayında neft hasilatını əvvəlki səviyyədə saxlamaq qərarı gözlənilən olub. Daha mühüm hadisə isə noyabrın 29-na planlaşdırılan OPEC+ nazirlər toplantısı olacaq. Həmin iclasda iştirakçılar 2027-ci il üçün hasilat siyasətinin parametrlərini müəyyən edəcəklər.

Hesabatda qeyd olunur ki, qərar qəbul edilərkən alyans üzvləri ABŞ-İran münaqişəsi ətrafındakı qeyri-müəyyənliyi, Hörmüz boğazı vasitəsilə tədarükün bərpa tempini, eləcə də əvvəllər bazardan çıxmış neft həcmlərinin geri qayıtmasından sonra mümkün təklif artıqlığını nəzərə almalı olacaqlar.

Qeyd edək ki, OPEC+ daha əvvəl sentyabr ayında neft hasilatını gündəlik 188 min barel artırmaq barədə qərar qəbul edib, dekabr ayında isə hasilatın əvvəlki səviyyədə saxlanılmasına qərar verib.

Mövzuya görə xəbərlər