Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş “Mərkəzi Asiya və Azərbaycanın qitələrarası beynəlxalq nəqliyyat marşrutlarının gələcək imkanları” mövzusunda keçirilən konfransda çıxış edib.
Q.Gözəlov çıxışında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xalqlarını birləşdirən ortaq tarixi köklərə, etnik və mədəni bağlara, eləcə də əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinə toxunub. Ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.
Regional əməkdaşlıq platformalarından danışan səfir Azərbaycanın BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıqda iştirak etdiyini bildirib.
Səfir Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasının regional əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Azərbaycanın 2027-ci ildə sözügedən formata sədrliyinin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, eləcə də nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Səfir qeyd edib ki, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, eləcə də ölkənin beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Bu xüsusda Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma gücünün genişləndirilməsi istiqamətində işlərin aparıldığını qeyd edib. Həmçinin, Ələt limanı ərazisində inşa olunan hava limanının 2027-ci ildə istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.
Nəqliyyat-logistika sahəsində regional əməkdaşlığın iqtisadi inkişaf üçün artan əhəmiyyətini qeyd edən səfir Orta Dəhliz çərçivəsində Azərbaycan, Türkmənistan və Qazaxıstanın dəniz limanlarının mühüm roluna diqqət çəkib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükdaşımaların genişləndirilməsinin regionun tranzit potensialının artırılmasına töhfə verdiyini diqqətə çatdırıb.
Səfir, həmçinin Türkmənistan və Qazaxıstanın enerji resurslarının Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılmasında Azərbaycanın tranzit tərəfdaşı kimi roluna toxunub.
Eyni zamanda, Q.Gözəlov regionun tranzit potensialının genişləndirilməsində Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu), Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu, Çin–Mərkəzi Asiya–Xəzər multimodal nəqliyyat, “Xəzər dənizi–Qara dəniz” beynəlxalq nəqliyyat və Lapis-Lazuli tranzit marşrutları, eləc də TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb. Bu marşrutların Asiya ilə Avropa arasında yükdaşımaların şaxələndirilməsinə, Mərkəzi Asiya ölkələrinin isə Azərbaycan vasitəsilə Qərb bazarlarına çıxış imkanlarının genişləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Q. Gözəlov region ölkələrinin mövcud tranzit potensialından birgə istifadəsinin, nəqliyyat infrastrukturunun inkişafının və müasir logistika həllərinin tətbiqinin iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı iqtisadi maraqların təmin olunması və regionun davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Konfransda Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, nəqliyyat-logistika sahəsinin mütəxəssisləri və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə Mərkəzi Asiya ölkələrinin Türkmənistandakı səfirləri, eləcə də Türkmənistanın dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri çıxış edərək regional nəqliyyat əməkdaşlığının perspektivlərinə dair fikirlərini bölüşüblər.







