BAKI,TurkicWorld
Səfir Qismət Gözəlov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimində çıxış etmişdir
TurkicWorld xəbər verir ki, 22 dekabr 2025-ci il tarixində Aşqabadda Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunda Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Ağlın gövhəri” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimovanın və Türkmənistanın xaricidəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə baş tutan tədbirdə ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, həmçinin, müəllimlər, tələbələr və ictimaiyyət təmsilçiləri iştirak etmişlər.
Konfransda M.Başimova, səfir Qismət Gözəlov, Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Türkmənistan-Azərbaycan parlamentlərarası işçi qrupunun Türkmənistan tərəfindən rəhbəri Annamuhammet Sarcayev, Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Gülşat Yusupova və Türkmənistan Elmlər Akademiyasının Maxtumquli adına Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun elmi katibi Kakacan Canbekov çıxış etmişlər.
Səfir Q.Gözəlov çıxışında vurğulamışdır ki, Qurbanqulu Berdiməhəmmədovun “Ağlın gövhəri” kitabının Azərbaycan oxucusuna çatdırılması bu dəyərli əsərin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, “Ağlın gövhəri” kitabının Azərbaycan dilində nəşri xalqlarımız arasında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Əsər Azərbaycan oxucularına türkmən xalqının tarixi, zəngin mənəvi dəyərləri, həmçinin Türkmənistanda elmin, təhsilin və mədəniyyətin inkişafı barədə geniş və dolğun təsəvvür yaradır. Bununla yanaşı, “Ağlın gövhəri” əsəri xalqlarımızın ortaq mənəvi dəyərlərinin, tarixi köklərinin və qardaşlıq ənənələrinin parlaq təcəssümüdür. Əsərin Azərbaycan dilinə tərcümə edilməsi ədəbi-mədəni əməkdaşlığa yeni nəfəs verir, türk xalqları arasında mövcud olan mənəvi körpünü daha da möhkəmləndirir.
Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir Q.Gözəlov, ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətli inkişaf yolu keçərək 2025-ci ildə ölkə liderlərinin siyasi iradəsi ilə daha da möhkəmləndiyini, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində genişləndiyini qeyd etmişdir. Səfir vurğulamışdır ki, Azərbaycanla Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur, son dövrlər baş tutan ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər və diplomatik təmaslar ikitərəfli dialoqu intensivləşdirmiş, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratmışdır.
Həmçinin, səfir çıxışında Türkmənistanın daimi tərəfsizliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırmış və bu xüsusda ölkədə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinə toxunmuşdur. Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və 1995-2025-ci illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində qoşulduğu bildirmişdir.
Eyni zamanda, Səfir Q.Gözəlov konfransda Türkmənistan mediasına müsahibə vermişdir.







