BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı hərbi dəniz qüvvələri Qırmızı dənizdə neft tankerinə qarşı partlayıcı yüklənmiş qayıqla həyata keçirilməsi planlaşdırılan hücumun qarşısının alındığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, hərbi qurumla əlaqəli media orqanlarının məlumatına görə, dəniz patrulları bu axşam Əl-Muxa (Mocha) elektrik stansiyası yaxınlığındakı sularda şübhəli qayığı aşkarlayıb.
Məlumata əsasən, patrul qüvvələri təhlükənin qarşısını almaq üçün dərhal zəruri tədbirlər görüblər.
Bildirilir ki, partlayıcı maddələrlə yüklənmiş qayıq hədəfinə çatmamış partlayıb.
Yəmən hərbi dəniz qüvvələri hücuma görə məsuliyyəti husilərin üzərinə qoyub.
Hadisə nəticəsində neft tankerinə ziyan dəydiyi və ya insan tələfatının olduğu barədə hələlik məlumat verilməyib.
Husilər isə bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.







