BAKI,TurkicWorld
Türkiyə Hərbi Dəniz Qüvvələrinin ilk qadın təyyarə pilotu olan baş leytenant Hilal Aydın çətin seçim və uçuş hazırlığını uğurla başa vurub.
Aydın Kocaelinin Kartepe rayonundakı Dəniz Aviasiya Komandanlığında xidmət edir və dəniz patrul təyyarəsi üzrə hazırlıq keçir.
28 yaşlı Aydın uşaqlıqdan hərbçi olmağı arzuladığını deyib. Atası Türkiyə Silahlı Qüvvələrində peşəkar çavuş kimi xidmət edən Aydın 2017-ci ildə Hərbi Dəniz Məktəbində təhsil almağa başlayıb və 2021-ci il avqustun 30-da leytenant rütbəsi ilə məzun olub.
O, donanmada müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2022-ci ildə pilot hazırlığına müraciət edib. Seçim mərhələlərini keçən Aydın Türkiyə Aviasiya Qurumunun Universitetində ilkin və əsas uçuş hazırlığı, Dəniz Təyyarəçilik Məktəbində isə ixtisasartırma təlimi alıb. Təlimləri tamamlayaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinin ilk qadın dəniz patrul təyyarəsi pilotu kimi məzun olub.
Aydın Kocaelidəki Dəniz Aviasiya Təlim Mərkəzində P-35 tipli dəniz patrul təyyarəsi üzrə hazırlığa başladığını, təlimləri başa vurduqdan sonra dəniz aviasiya eskadrilyalarında xidmət edəcəyini bildirib.
“Pilot olmaq peşəkar həyatımın dönüş nöqtəsi oldu. Təyyarə pilotu kimi uçmaq mənə unudulmaz təcrübələr qazandırdı”, — Aydın deyib. Onun sözlərinə görə, 18-ci Əsas Baza Komandanlığında 13 uçuşdan ibarət seçim hazırlığının sonunda nəzarət pilotunun qüllə ilə əlaqədə yalnız müsbət ifadələr işlətməsi ona böyük sevinc yaşadıb.
Aydın Türkiyənin ilk qadın pilotlarından Sabiha Gökçəni özünə nümunə götürdüyünü söyləyib. Gənc qadınlara müraciətində isə arzularından, onlar uğrunda çalışma və inanmaqdan vaz keçməməyə çağırıb.







