BAKI,TurkicWorld Orxan Qədirzadə
Suriya Prezidenti Əhməd əş-Şəra bildirib ki, Dəməşq bir sıra ölkələrin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın işğal altında olan Colan təpələrinə dair hüquqlarına xələl gətirmədən daha geniş sülh prosesinə zəmin yarada bilər.
Əl-Cəzirə telekanalına müsahibəsində danışan Suriya lideri ölkəsinin İsraillə hərbi qarşıdurmadan yayınmağa çalışdığını və belə bir qarşıdurmada maraqlı olmadığını bildirib.
Əş-Şəra qeyd edib ki, hazırda müzakirə olunan təhlükəsizlik mexanizmlərinin uğurla başa çatması daha genişmiqyaslı siyasi nizamlanma üçün imkan yarada bilər.
Livana hərbi müdaxilə nəzərdə tutulmur
Suriya Prezidenti ölkəsinin Livana hərbi müdaxilə etmək niyyətində olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Dəməşq Livan hökuməti ilə ölkədəki böhranın aradan qaldırılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edir.
Əş-Şəra bildirib ki, Livandakı böhran yalnız təhlükəsizlik tədbirləri ilə həll oluna bilməz və bunun üçün siyasi, iqtisadi və sosial sahələri əhatə edən kompleks yanaşmaya ehtiyac var.
O, həmçinin Livanda yaranacaq istənilən qeyri-sabitliyin Suriyaya da birbaşa təsir göstərəcəyini qeyd edib.
Silah dövlətin nəzarətində olmalıdır
Suriya Prezidenti Dəməşqin Livanda silah və müharibə-sülh qərarlarının yalnız dövlət institutlarının səlahiyyətində olmasını dəstəklədiyini bildirib.
Əş-Şəra regionda müharibənin genişlənməsi ehtimalından narahat olduqlarını və bunun Yaxın Şərq üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.
Sanksiyalar və digər məsələlər
Müsahibədə Suriyaya tətbiq olunan beynəlxalq sanksiyalara da toxunan prezident bildirib ki, iqtisadi məhdudiyyətlərin aradan qaldırılması Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması ilə müşayiət olunmadığı təqdirdə tam effekt verməyəcək.
O, həmçinin Suriya Demokratik Qüvvələri (SDQ) ilə əldə olunmuş razılaşmanın icrasında müəyyən ləngimələrin olduğunu desə də, hökumətin həmin prosesin uğurla başa çatacağına ümid etdiyini bildirib.
İtkin düşmüş şəxslərlə bağlı məsələyə də toxunan Əş-Şəra qeyd edib ki, bu istiqamətdə beynəlxalq standartlara uyğun fəaliyyət göstərəcək xüsusi komissiya yaradılıb və proses bu sahədə təcrübəyə malik dövlətlərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.







