BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailə məxsus pilotsuz uçuş aparatının Livanın cənubunda həyata keçirdiyi zərbə nəticəsində bir neçə təcili yardım əməkdaşı yaralanıb.
TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin (NNA) məlumatına əsasən, raket Nəbatiyyə əl-Fövqa–Dar əl-Muəllimin yolu üzərində İslam Səhiyyə İdarəsinə məxsus Mülki Müdafiə avtomobilini hədəf alıb.
Məlumata görə, hücum nəticəsində avtomobildə olan təcili yardım heyətinin bir neçə üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.
NNA bildirib ki, insident eyni vaxtda Nəbatiyyə əl-Fövqa ətrafındakı Əli əl-Tahir təpəsinə İsrail artilleriyasının intensiv atəş açması ilə müşayiət olunub.
Hadisə ilə bağlı İsrail ordusu hələlik rəsmi açıqlama verməyib.
Müstəqil mənbələr tərəfindən zərbənin təfərrüatları və yaralananların sayı hələlik təsdiqlənməyib.







