BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda aparılan hərbi əməliyyatlarla bağlı yeni açıqlama verib. Onun sözlərinə görə, İsrail ordusu bölgədə irəliləyiş əldə edərək mühüm strateji mövqelərə doğru hərəkətini davam etdirir.
TurkicWorld xəbər verir ki, Benyamin Netanyahu sərhəd bölgəsində hərbçilərlə görüşü zamanı İsrail qoşunlarının Livanın cənubunda yerləşən Litani çayını keçdiyini bildirib.
“Qüvvələrimiz Litani çayını keçdi və dominant yüksəkliklərə doğru irəlilədi”, – deyə İsrailin Baş naziri vurğulayıb.
Məlumata görə, Netanyahu İsrail ordusunun təkcə Livanın cənubunda deyil, həmçinin Beyrut ətrafında, Bəkaa vadisində və digər istiqamətlərdə də hərbi əməliyyatlar həyata keçirdiyini qeyd edib.
Baş nazirin açıqlaması İsrailin Livandakı əməliyyatlarının miqyasının genişləndirildiyinə işarə edir. Son həftələr ərzində bölgədə qarşıdurmaların intensivləşməsi və hava zərbələrinin artması tərəflər arasında gərginliyi daha da yüksəldib.
Litani çayı Livanın cənubunda strateji əhəmiyyət daşıyan əsas coğrafi xəttlərdən biri hesab olunur. Bu səbəbdən İsrail qüvvələrinin çayı keçməsi ilə bağlı açıqlama regionda hərbi vəziyyətin yeni mərhələyə daxil olması kimi qiymətləndirilir.







