BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail–Livan sərhədində hərbi aktivliyin artdığı bildirilir.
TurkicWorld xəbər verir ki, Hizbullah Livanın cənubundakı Nəbatiyyə vilayətində yerləşən Litani çayı ətrafında İsrail qüvvələri ilə qarşıdurmaya girdiyini açıqlayıb.
Qrupun yaydığı məlumata əsasən, Litani çayı boyunca yerləşən İsrail hərbi mövqeləri və Yahmur əl-Şəqif qəsəbəsi yaxınlığında yerləşən hərbi nöqtələr raket zərbələri və artilleriya atəşi ilə hədəfə alınıb.
Hizbullah açıqlamasında hücumların Zavtar əl-Şərqiyyə qəsəbəsi yaxınlığında həyata keçirildiyini bildirib. Həmin ərazi Litani çayı boyunca strateji nəzarət nöqtələrindən biri hesab olunur.
İsrail tərəfi isə hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Son günlər İsrail–Livan sərhədi boyunca pilotsuz uçuş aparatları, hava hücumları və qarşılıqlı hərbi fəaliyyətlə bağlı xəbərlərin artdığı müşahidə olunur.







