BAKI,TurkicWorld, Orxan Qədirzadə
Hindistanın nüvə proqramı ilə bağlı son açıqlamaları beynəlxalq müzakirələrə səbəb olub və sosial şəbəkələrdə geniş rezonans doğurub.
TurkicWorld xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi ölkəsinin nüvə proqramında mühüm mərhələyə çatdığını açıqlayıb.
Baş nazir bildirib ki, Hindistanın nüvə proqramının ikinci mərhələsi çərçivəsində Kalpakkam Nüvə Reaktoru kritik iş rejiminə daxil olub. Bu mərhələ reaktorun özünü sabit saxlayan zəncirvari reaksiyanın başladığını göstərən mühüm texniki mərhələ hesab olunur.
Modi sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, bu nailiyyət Hindistanın elmi potensialını və mühəndislik imkanlarını nümayiş etdirir və ölkə üçün “qürur anı” sayılır.
Müharibə fonunda açıqlama müzakirələr doğurdu
Hindistan liderinin açıqlaması ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının davam etdiyi bir dövrdə verildiyi üçün beynəlxalq ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər açıqlamanın vaxtının təsadüfi olmadığını bildirərək bunu geosiyasi mesaj kimi qiymətləndiriblər. Onların fikrincə, nüvə proqramı ilə bağlı bəyanat hazırkı beynəlxalq gərginlik fonunda siyasi mesaj daşıya bilər.
“Nüvə çəkindiriciliyi” müzakirələri
Sosial şəbəkələrdə aparılan müzakirələrdə bir sıra istifadəçilər nüvə silahlarının dövlətlərin təhlükəsizliyində çəkindirici rol oynadığını iddia ediblər.
Bəzi şərhlərdə qeyd olunub ki, nüvə silahına malik dövlətlərə qarşı hərbi müdaxilə ehtimalı daha aşağı olur və bu səbəbdən nüvə proqramları bir sıra ölkələr tərəfindən strateji təhlükəsizlik vasitəsi kimi qiymətləndirilir.
Hindistanın nüvə potensialı
Məlumatlara görə, Hindistan dünyanın əsas nüvə dövlətlərindən biri hesab olunur və ölkə tam nüvə “üçlüyünə” – quru, hava və dəniz platformalarından istifadə edilən nüvə daşıyıcı sistemlərinə malikdir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına əsasən, Hindistanın nüvə arsenalında 2025-ci il üçün təxminən 180 nüvə başlığı mövcuddur.
Ekspertlər hesab edirlər ki, bu potensial Hindistana regionda və qlobal səviyyədə müəyyən strateji çəkindiricilik imkanları verir.