BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yaponiya Baş naziri Sanae Takaiçi Oman Sultanı Heysəm bin Tariq Al Səidlə telefon danışığı zamanı Hörmüz boğazında gəmilərin sərbəst və təhlükəsiz keçidinin bərpa olunmasına çağırıb.
TurkicWorld xəbər verir ki, Sanae Takaiçi Tokio şəhərində jurnalistlərə açıqlamasında Oman rəhbərinin su yolundan istifadə edən ölkələrin mövqeləri ilə məsləhətləşəcəyini və bu fikirlərə hörmətlə yanaşacağını bildirdiyini deyib.
Məlumata görə, Oman və İran hazırda Hörmüz boğazında gəmi keçidlərinin təşkili ilə bağlı danışıqlar aparır.
Telefon danışığı zamanı Yaponiya Baş naziri Omanın dialoqun təşviqi, gərginliyin azaldılması və beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Tərəflər, həmçinin qarşılıqlı maraqlar çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi yollarını və regional vəziyyəti müzakirə ediblər.
Hörmüz boğazının gələcəyi ilə bağlı danışıqlar ABŞ və İran arasında müzakirələrin nəticəsiz qalması fonunda dalana dirənib.
Yaponiya rəhbərliyinin bu çağırışı strateji su yolunda gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı beynəlxalq narahatlıqların artdığı bir vaxtda səslənib.







