Son dəqiqə

Numan Kurtulmuş TBMM Terrorsuz Türkiyə PKK terror təşkilatı

Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanacaq qanunvericilik dəyişiklikləri ilə bağlı açıqlama verib. O bildirib ki, proses çərçivəsində qəbul ediləcək qanun ümumi amnistiya xarakteri daşımayacaq.

Kurtulmuş İneboluya İstiqlal medalı təqdimetmə mərasimində çıxışı zamanı Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının fəaliyyəti və qarşıdakı mərhələdə parlamentə təqdim olunması gözlənilən hüquqi tənzimləmələr barədə danışıb.

TBMM sədri qeyd edib ki, məqsəd Türkiyədə terror probleminə son qoymaq və yeni bir ictimai birlik mərhələsinə keçməkdir.

“Proses qanunu ümumi amnistiya deyil. Bu, yalnız təşkilatın ləğv edilməsi ilə bağlı müvəqqəti və xüsusi xarakter daşıyan qanun olacaq. Bu qanunla Türkiyədə ümumi amnistiya anlayışı ortaya qoyulmayacaq”, - deyə Kurtulmuş bildirib.

O vurğulayıb ki, Türkiyə gələcəkdə terror problemi ilə mübarizə aparmaq məcburiyyətində qalmamalıdır.

“Türkiyədə yeni bir qardaşlıq dövrü başlayacaq. Terroru tarixin zibilliyinə göndəririk”, - deyə TBMM sədri əlavə edib.

Kurtulmuşun sözlərinə görə, parlamentdə aparılan işlər Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının hazırladığı hesabat əsasında davam etdirilir və prosesin əsas hədəfi ölkədə davamlı sülh və ictimai sabitliyin təmin olunmasıdır.

Mövzuya görə xəbərlər