BAKI,TurkicWorld Orxan Qədirzadə
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm açıqlamalar verərək, bütün siyasi partiyaları hazırlanan çərçivə qanununa dəstək verməyə çağırıb.
Bahçeli bildirib ki, Türkiyə “Terrorsuz Türkiyə” hədəfi istiqamətində geri dönüşü mümkün olmayan tarixi mərhələyə çatıb. O, bu prosesə siyasi maraqlardan kənar yanaşılmasının vacibliyini vurğulayıb.
MHP lideri “Türkgün” nəşrinə açıqlamasında qeyd edib ki, “Terrorsuz Türkiyə” gələcək nəsillərin sülh və rifahı naminə üzərinə götürülmüş tarixi məsuliyyətdir.
“Bu siyasət demokratikləşmə və min illik qardaşlığı gələcək minilliyə daşımaq iradəsidir”, – deyə Bahçeli bildirib.
“Heç bir siyasi oyun bizi geri döndərə bilməz”
Bahçeli prosesin uğurla başa çatdırılması istiqamətində qərarlı olduqlarını qeyd edib.
“Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Gələcək əsrimizin qurulması məqsədilə atdığımız addımlardan heç bir siyasi oyun bizi geri döndərə bilməz. Terrorsuz Türkiyə ölkəmizin gələcəyi üçün üzərimizə götürdüyümüz tarixi məsuliyyətdir”, – deyə o vurğulayıb.
MHP sədri Türkiyənin bölgədə enerji sabitliyi, təhlükəsizlik və sülh mərkəzinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji sahəsində müstəqillik Türkiyənin əsas strateji hədəflərindən biridir.
“Enerjidə müstəqillik Türkiyənin Qızıl Almasıdır”, – deyə Bahçeli qeyd edib.
Çərçivə qanununa tam dəstək çağırışı
Bahçeli Türkiyə Böyük Millət Məclisində yaradılan “Milli həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası”nın fəaliyyətinə də toxunub.
O bildirib ki, komissiyanın yaradılması ilə “Terrorsuz Türkiyə” hədəfi istiqamətində ictimai inteqrasiyanın gücləndirilməsi, milli həmrəyliyin və qardaşlığın möhkəmləndirilməsi, azadlıq, demokratiya və hüquq dövləti sahəsində görüləcək işlər müzakirə olunub.
Bahçeli qeyd edib ki, komissiya hesabatını hazırlayıb və proses qanunvericilik mərhələsində mühüm nöqtəyə çatıb.
“Bu məsələ siyasi baxışlardan üstün tutulmalı və çərçivə qanununa tam dəstək verilməlidir”, – deyə MHP lideri bildirib.







