Son dəqiqə

Türkiyə Almaniya TBMM Terrorsuz Türkiyə PKK terror təşkilatı

Almaniyada PKK üzvləri üçün amnistiya çağırışı səsləndirilib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Almaniya Federal Məclisinin sədr müavini və Sol Partiyanın nümayəndəsi Bodo Ramelov “Terrorsuz Türkiyə” prosesi ilə əlaqədar Almaniyada PKK ilə əlaqəli şəxslər üçün genişmiqyaslı amnistiyanın tətbiq edilməsinə çağırıb. Ramelov Almaniya hökumətinin Türkiyədə aparılan prosesi diplomatik baxımdan dəstəkləməli və oxşar hüquqi mexanizmi Almaniyada da həyata keçirməli olduğunu bildirib.

Ramelov “Rheinische Post” qəzetinə açıqlamasında Ankarada parlamentə təqdim edilən çərçivə qanununun sülh prosesinə yol açdığını və PKK-nın ötən il özünü ləğv etməsi qərarına cavab olduğunu iddia edib.

O, Almaniya hökumətini Türkiyədəki prosesi diplomatik yolla dəstəkləməyə, eyni zamanda Almaniyada kürd fəallar üçün geniş və sürətli amnistiya mexanizmi yaratmağa çağırıb.

“Bu, amnistiya təklifi deyil”

Türkiyə Böyük Millət Məclisinin Ədliyyə Komissiyasının sədri, AK Partiyanın İstanbul deputatı Cüneyt Yüksel isə Türkiyədə hazırlanan qanun layihəsinin amnistiya olmadığını bildirib.

Yükselin sözlərinə görə, layihə müəyyən istintaq və məhkəmə prosesləri, eləcə də qüvvəyə minmiş məhkumluq qərarlarının icrası ilə bağlı xüsusi, müvəqqəti və müəyyən şərtlərə əsaslanan hüquqi mexanizmlər nəzərdə tutur.

O vurğulayıb ki, qanun layihəsi məhkumluq qərarlarını ləğv etmir, cinayətlərin hüquqi xarakterini dəyişdirmir və şəxslərin cinayət məsuliyyətini aradan qaldırmır. Davam edən istintaq və məhkəmə prosesləri, həmçinin qüvvəyə minmiş məhkumluq qərarları hüquqi qüvvəsini saxlayır.

Qanun layihəsi parlamentin plenar iclasına çıxarılacaq

“Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan çərçivə qanun layihəsi TBMM-nin Ədliyyə Komissiyasında qəbul edilib. Sənədin həftənin əvvəlində parlamentin Baş Assambleyasının gündəliyinə çıxarılması gözlənilir.

12 maddədən ibarət qanun layihəsi “Terrorsuz Türkiyə” prosesinin hüquqi əsaslarının formalaşdırılmasını nəzərdə tutur.

Layihə PKK/KCK-nın yaradılması və idarə olunması, təşkilata üzvlük, yardım göstərilməsi, təbliğat aparılması və təşkilatın fəaliyyəti çərçivəsində törədilən bəzi cinayətlərlə bağlı hüquqi mexanizmləri əhatə edir.

Düzənləmənin tətbiqi üçün əsas şərtlərdən biri terror təşkilatının ləğv edilməsi ilə bağlı qərarının Rəsmi Qəzetdə dərc olunmasıdır. Bu şərt yerinə yetirildikdən sonra mexanizmdən yararlanmaq üçün 6 aylıq müddət nəzərdə tutulur.

Layihəyə əsasən, 15 ilədək həbs cəzası nəzərdə tutulan cinayətlərlə bağlı məhkəmə proseslərinin 5 il, 15 ildən artıq cəza tələb edən cinayətlərlə bağlı proseslərin isə 10 il müddətinə təxirə salınması planlaşdırılır.

Qüvvəyə minmiş müəyyən məhkumluq qərarlarının icrasının da müvafiq müddətlərə təxirə salınması nəzərdə tutulur. Bu müddət ərzində yeni “terror cinayəti” törədilərsə, təxirə salınma qərarının ləğv ediləcəyi bildirilir.

Tənzimləmədən yararlanan şəxslərə 2-3 il müddətinə siyasi fəaliyyət məhdudiyyəti tətbiq olunması da layihədə yer alır.

Ömürlük həbs tələb edən bəzi cinayətlər əhatə olunmur

Layihəyə görə, təşkilat fəaliyyəti çərçivəsində qəsdən adam öldürmə cinayəti, eləcə də 1 iyun 2005-ci ildən əvvəl törədilmiş və ömürlük və ya ağırlaşdırılmış ömürlük həbs cəzası nəzərdə tutulan cinayətlər mexanizmdən kənarda saxlanılır.

Bu səbəbdən PKK lideri Abdullah Öcalanın sözügedən hüquqi mexanizmdən yararlanmayacağı bildirilir.

Bundan başqa, prosesin monitorinqi, nəzarəti və koordinasiyası üçün vitse-prezident Cevdet Yılmazın rəhbərliyi ilə xüsusi qurumun, parlamentdə isə 17 üzvdən ibarət monitorinq komissiyasının yaradılması nəzərdə tutulur.

Mövzuya görə xəbərlər