Son dəqiqə

TBMM Terrorsuz Türkiyə PKK-nın fəaliyyətini dayandırması

“Terrorsuz Türkiyə” qanun təklifi TBMM Ədliyyə Komissiyasında qəbul edilib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyədə “Terrorsuz Türkiyə” prosesinin hüquqi əsasını formalaşdıracaq “Milli Həmrəyliyin və İctimai Bütünləşmənin Gücləndirilməsinə dair Qanun Təklifi” Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədliyyə Komissiyasında qəbul edilib.

12 maddədən ibarət qanun təklifi PKK/KCK terror təşkilatının fəaliyyətinə son qoyması və nəzarətində olan silah-sursatı təhvil verməsinin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməsindən sonra proses çərçivəsində həyata keçiriləcək hüquqi tədbirləri müəyyənləşdirir.

Təklifə əsasən, bu faktın Milli Təhlükəsizlik Şurasının (MGK) qərarı ilə təsdiqlənərək “Rəsmi Qəzet”də dərc olunmasından sonra müəyyən cinayətlərlə bağlı istintaq və məhkəmə proseslərinin, eləcə də bəzi məhkumluq hökmlərinin icrasının təxirə salınması nəzərdə tutulur.

İstintaq və məhkəmə prosesləri təxirə salınacaq

Qanun layihəsi PKK/KCK-nı yaratmaq və ya idarə etmək, təşkilata üzv olmaq, bilərəkdən və qəsdən yardım göstərmək, təşkilatın təbliğatını aparmaq, həmçinin təşkilatın fəaliyyəti çərçivəsində törədilən cinayətləri əhatə edir.

Üst həddi 15 il və ya daha az azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlərlə bağlı istintaq və məhkəmə proseslərinin 5 il, 15 ildən artıq həbs və ya ömürlük, yaxud ağırlaşdırılmış ömürlük həbs cəzası nəzərdə tutulan cinayətlərlə bağlı proseslərin isə 10 il müddətinə təxirə salınması planlaşdırılır.

Lakin təşkilatın fəaliyyəti çərçivəsində qəsdən adam öldürmə cinayəti, eləcə də 1 iyun 2005-ci ildən əvvəl törədilmiş və ömürlük və ya ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edən cinayətlər bu müddəaların əhatə dairəsindən çıxarılır.

Təxirə salınma müddətində cinayət üzrə müddətin keçməsi hesablanmayacaq.

Məhkumların cəzalarının icrası da təxirə salına bilər

Təklifə əsasən, müəyyən edilmiş şərtlər yerinə yetirildikdən sonra əhatə dairəsinə düşən cinayətlərə görə 15 il və ya daha az həbs cəzası almış şəxslərin cəzalarının icrası 5 il, 15 ildən artıq həbs və ya ömürlük, yaxud ağırlaşdırılmış ömürlük həbs cəzası almış şəxslərin cəzalarının icrası isə 10 il müddətinə təxirə salına bilər.

Bu qərarı icra hakimi verəcək. Müsadirə ilə bağlı qərarların icrasına isə təxirəsalma tətbiq edilməyəcək.

Təxirə salınma müddətində yeni terror cinayəti törədilərsə, qərar ləğv ediləcək və cəzanın icrası davam etdiriləcək. Müəyyən müddət ərzində yeni cinayət törədilmədiyi halda isə cəza icra edilmiş hesab olunacaq.

Hüquq məhdudiyyətlərinin aradan qaldırılması mümkün olacaq

Qanun təklifində məhkumluq nəticəsində yaranan hüquq məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı da müddəalar yer alır.

5 illik təxirəsalma qərarı verilən şəxslər qərarın qəbulundan 2 il, 10 illik təxirəsalma tətbiq edilən şəxslər isə 3 il keçdikdən sonra hüquq məhdudiyyətlərinin bütün nəticələri ilə aradan qaldırılması üçün müraciət edə biləcəklər.

Prosesə yüksək səviyyəli qurum nəzarət edəcək

Qanunun tətbiqinin izlənilməsi və qiymətləndirilməsi Prezidentin müavininin sədrliyi ilə yaradılacaq quruma həvalə ediləcək.

Qurumun tərkibinə ədliyyə, xarici işlər, daxili işlər və milli müdafiə nazirləri, Prezident Administrasiyasının baş katibi, Milli Kəşfiyyat Təşkilatının rəhbəri və Milli Təhlükəsizlik Şurasının baş katibi daxil olacaq.

Zərurət yaranacağı təqdirdə qurumun tərkibində alt komissiyalar yaradılması və müxtəlif dövlət qurumlarının nümayəndələrinin prosesə cəlb edilməsi mümkün olacaq.

TBMM də prosesdə iştirak edəcək. Məclisin sədrliyi qanun təklifi çərçivəsində həyata keçirilən fəaliyyətləri izləmək üçün Monitorinq Komissiyası yaradacaq. Komissiya prosesin gedişini izləyəcək və tövsiyələr verə biləcək.

Silah və sursat qeydiyyata alınacaq

Proses çərçivəsində təşkilat üzvlərinin gətirdiyi və ya təhvil verdiyi silah, sursat, nəqliyyat vasitələri, avadanlıq, partlayıcı maddələr və digər materiallar qeydiyyata alınacaq.

Bu materiallarla bağlı prosedur və qaydalar təhlükəsizlik qurumlarının rəyi nəzərə alınmaqla Daxili İşlər və Milli Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

Müraciət üçün 6 ay müddət veriləcək

Qanun layihəsinin müddəalarından yararlanmaq istəyən şəxslər PKK/KCK-nın və onunla əlaqəli bütün strukturların faktiki fəaliyyətinə son qoyduğunun və nəzarətindəki silah-sursatın təhvil verildiyinin təhlükəsizlik qurumları tərəfindən müəyyənləşdirilməsindən, həmçinin bunun MGK qərarı ilə təsdiqlənərək “Rəsmi Qəzet”də dərc edilməsindən sonra 6 ay ərzində yazılı müraciət edə biləcəklər.

Müraciətlər şəxslərin olduğu ərazidəki Respublika baş prokurorluqlarına və ya müvafiq qurum tərəfindən müəyyən ediləcək dövlət orqanlarına təqdim ediləcək.

Mövzuya görə xəbərlər