Son dəqiqə

İbrahim Kalın İraq Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) TBMM Terrorsuz Türkiyə PKK terror təşkilatı

Türkiyədə PKK ilə bağlı qanun layihəsi hazırlanır - PKK rəhbərləri Türkiyəyə girə bilməyəcək

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyədə həyata keçirilməsi planlaşdırılan "Terrorsuz Türkiyə" təşəbbüsü çərçivəsində hazırlanacaq qanun layihəsində PKK-nın yüksək səviyyəli rəhbərlərinin statusu ilə bağlı yeni yanaşmanın nəzərdə tutulduğu iddia edilir.

Türkiyə mətbuatının yaydığı məlumata görə, qanunvericilik dəyişiklikləri mərhələli şəkildə həyata keçiriləcək və ilkin mərhələdə silahlı fəaliyyətlərdə iştirak etməyən, əlavə cinayət törətməyən və hazırda cəzaçəkmə müəssisələrində olan PKK üzvləri ilə bağlı hüquqi tənzimləmələr gündəmə gətiriləcək.

Məlumatda bildirilir ki, partlayışlarda iştirak edən, təhlükəsizlik qüvvələrinin əməkdaşlarının həlak olması ilə nəticələnən hücumlarda rol oynayan şəxslərlə bağlı ilkin qanun layihəsində hər hansı güzəşt nəzərdə tutulmur.

PKK rəhbərlərinin Türkiyəyə girişinə icazə verilməyəcəyi bildirilir

Məlumata əsasən, Türkiyə Böyük Millət Məclisinin gündəliyinə gələn həftə çıxarılması gözlənilən çərçivə qanun layihəsində ən çox müzakirə olunan məsələlərdən biri PKK-nın yüksək səviyyəli rəhbərlərinin gələcək statusudur.

İddialara görə, təşkilatın Kandildə yerləşdiyi bildirilən təxminən 200 yüksək vəzifəli rəhbərinin Türkiyəyə daxil olmasına icazə verilməyəcək.

Türkiyə mətbuatının yazdığına görə, əvvəllər müzakirə olunan üçüncü ölkələr variantı əvəzinə, həmin şəxslərin İraqın şimalındakı Süleymaniyyədə qalması ssenarisi nəzərdən keçirilir.

Xəbərlərdə bu ərazinin Kürdüstan Vətənpərvərlər İttifaqının (KYB) rəhbəri Bafel Talabaninin nəzarətində olduğu qeyd edilir.

Bəzi media orqanlarının iddiasına görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının İraqın şimalına son səfəri zamanı keçirilən görüşlərdə bu məsələnin də müzakirə olunduğu bildirilir.

Qanunvericilik dəyişikliklərinin mərhələli tətbiqi planlaşdırılır

Məlumata görə, hüquqi dəyişikliklər bir neçə mərhələdə həyata keçiriləcək.

İlk mərhələdə silahlı hücumlarda iştirak etməyən və yalnız terror təşkilatına üzvlüklə bağlı hüquqi məsuliyyət daşıyan şəxslərlə bağlı mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Silahlı cinayətlərdə iştirak edən şəxslərlə bağlı isə sonrakı mərhələlərdə cəzanın icrası sistemi ilə bağlı ayrıca hüquqi tənzimləmələrin müzakirəyə çıxarıla biləcəyi qeyd edilir.

Sosial reinteqrasiya mexanizmi yaradılması təklif olunur

Məlumata əsasən, qanun layihəsində Türkiyəyə qayıdacaq şəxslərin cəmiyyətə reinteqrasiyası üçün xüsusi komissiyanın yaradılması da nəzərdə tutulur.

Bildirilir ki, komissiyada aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunacaq.

Bundan əlavə, silahların təhvil verilməsi prosesinə nəzarət, bununla bağlı hesabatların hazırlanması və parlamentin müəyyən dövrlərdə məlumatlandırılması üçün ayrıca monitorinq mexanizminin yaradılması da təklif olunur.

Qeyd edək ki, bu məlumatlar Türkiyə mətbuatında yer alan iddialara əsaslanır. Türkiyə hökuməti qanun layihəsinin yekun məzmunu ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mövzuya görə xəbərlər