BAKI,TurkicWorld
İraq neft ixracı marşrutlarını şaxələndirmək və Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə Avropa bazarına tədarükü artırmağı planlaşdırır. İraqın Baş naziri Əli əz-Zeydi bu məsələni Fransa və Almaniyaya səfərləri zamanı müzakirə etdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Əli əz-Zeydi Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında Bağdadın neft ixracı üçün alternativ marşrutları genişləndirmək istədiyini deyib.
“İraq yalnız bir ixrac dəhlizindən asılı vəziyyətdə qala bilməz”, – Baş nazir bildirib. O, son hadisələrin Hörmüz boğazından asılılığın yaratdığı riskləri göstərdiyini vurğulayıb.
Əz-Zeydi Avropaya neft ixracını Almaniya kansleri Fridrix Merts və Parisdə görüşdüyü Fransa Prezidenti Emmanuel Makronla müzakirə etdiyini açıqlayıb.
Neft satışları İraqın dövlət gəlirlərinin təxminən 90 faizini təşkil edir. Müharibədən əvvəl ölkə gündə təxminən 4 milyon barel neft hasil edir, bunun orta hesabla 3,4 milyon barelini ixrac edirdi. İxracın böyük hissəsi Hörmüz boğazı vasitəsilə həyata keçirilirdi.
İraq neftinin əsas alıcıları Şərqi Asiya ölkələridir. Çin və Hindistan ölkənin ən böyük neft alıcıları sırasında yer alır.
Hörmüz boğazında yaranan məhdudiyyətlərdən sonra İraq Suriya ərazisindən avtomobil sisternləri ilə, həmçinin Türkiyənin Ceyhan limanına uzanan boru kəməri vasitəsilə neft ixracını artırmağa başlayıb. Bununla belə, bu marşrutların imkanları İraqın adi dəniz ixracının yalnız bir hissəsini əvəz etməyə imkan verir.
Əz-Zeydi bildirib ki, İraq Aralıq dənizi istiqamətində neft ixracını iki dəfə artıraraq Avropa və ABŞ bazarlarına daha çox məhsul çatdıra bilər.
Gələcəkdə neft hasilatını gündəlik 10 milyon barelə çatdırmağı hədəflədiklərini deyən Baş nazir hasilatın böyük hissəsinin, hətta təxminən yarısının Avropa və digər Qərb bazarlarına yönəldilə biləcəyini qeyd edib.
Onun sözlərinə görə, İraq və Almaniya arasında xam neft ixracına dair razılaşmanın əldə olunması gözlənilir. Bunun müqabilində Bağdad Almaniyadan texnologiya və avadanlıqlar almağı planlaşdırır.
Fridrix Merts isə Almaniya-İraq əməkdaşlığında əsas istiqamətlərdən birinin iqtisadiyyat olduğunu bildirib. O, bir çox Almaniya şirkətinin artıq İraqda, xüsusilə enerji təchizatı sahəsində fəaliyyət göstərdiyini qeyd edib.
Merts, həmçinin Bab əl-Məndəb boğazındakı vəziyyətin enerji bazarlarında gərginliyi daha da artırdığını və bunun Almaniyaya da təsir göstərdiyini bildirib.







