BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan ANKA-III pilotsuz döyüş uçuş aparatının (PUA) seriya istehsal versiyası daha yüksək uçuş göstəriciləri, artırılmış faydalı yük daşıma qabiliyyəti və məhdud hava-hava döyüş imkanları ilə təchiz ediləcək.
Bu barədə TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu Habertürk telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, seriya istehsalına çıxacaq ANKA-III indiyədək sınaqdan keçirilən prototiplərdən fərqlənəcək. Aparatın gövdəsi bir qədər böyüdüləcək, uçuş müddəti artırılacaq və faydalı yük daşıma qabiliyyəti 1,2 tondan 1,7 tona çatdırılacaq.
Demiroğlu bildirib ki, yeni versiyada hava-hava döyüş imkanları da nəzərdə tutulub. Texniki detallar açıqlanmasa da, ANKA-III-ün burun hissəsinin MURAD 100-A aktiv fazalı anten qəfəsli (AESA) radarının, eləcə də KARAT 100 infraqırmızı axtarış və izləmə (IRST) sisteminin inteqrasiyasına uyğun şəkildə yenidən layihələndiriləcəyi bildirilir.
Bundan əvvəl TUSAŞ ANKA-III-ün silah konfiqurasiyalarını təqdim edərkən aparatın daxili bölməsində iki ədəd GÖKDOĞAN uzaq mənzilli hava-hava raketi, xarici asqılarda isə BOZDOĞAN yaxın mənzilli hava-hava raketlərini daşıya biləcəyini nümayiş etdirmişdi.
Bununla belə, şirkət rəhbəri vurğulayıb ki, hava-hava döyüşü ANKA-III-ün əsas missiyası olmayacaq. Onun sözlərinə görə, pilotsuz döyüş aparatının əsas vəzifəsi yüksək dəqiqlikli zərbə əməliyyatlarını yerinə yetirmək olacaq.
TUSAŞ rəhbərinin açıqlamasına əsasən, ANKA-III-ün seriya istehsal versiyasının ilk uçuşunun 2027-ci ilin birinci rübündə həyata keçirilməsi, ilk təhvil-təslimlərin isə həmin ilin ilk yarısında başlanması planlaşdırılır.







