Son dəqiqə

Türkiyə İraq Türkiyə Müdafiə Sənayesi xəbərləri Türkiyə müdafiə ixracı

İraq hava məkanını Türkiyə sistemləri qoruyacaq

BAKI,TurkicWorld Orxan Qədirzadə

İraq hökuməti hava hücumlarından müdafiə imkanlarını gücləndirmək məqsədilə Türkiyədən 20 ədəd hava müdafiə sistemi almaq üçün razılığa gəlib.

TurkicWorld xəbər verir ki, Bağdad rəhbərliyi xüsusilə neft yataqlarını, diplomatik nümayəndəlikləri və strateji obyektləri qorumaq üçün Türkiyə müdafiə sənayesi məhsullarını seçib.

İstanbulda keçirilən “SAHA EXPO” müdafiə sərgisində çıxış edən İraq Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Saad Hərbiyə ölkənin hava məkanında pilotsuz uçuş aparatlarının ciddi təhlükə yaratdığını bildirib.

Onun sözlərinə görə, yeni hava müdafiə sistemləri bu təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq.

İraq rəsmisi Türkiyə istehsalı olan sistemlərin keyfiyyətinin yüksək olduğunu bildirərək, aşağı maliyyət və yüksək texnologiyanın seçimdə əsas amillərdən biri olduğunu vurğulayıb. O, həmçinin iki ölkə arasındakı qonşuluq münasibətlərinin də əməkdaşlığa müsbət təsir etdiyini qeyd edib.

Razılaşmanın maliyyə detalları açıqlanmasa da, alınacaq sistemlərin Türkiyənin dövlət müdafiə sənayesi müəssisələri tərəfindən təmin ediləcəyi bildirilib.

Son illər Türkiyə müdafiə sənayesi pilotsuz uçuş aparatları, raket və hava müdafiə texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərlə beynəlxalq bazarda diqqət mərkəzinə çevrilib.

Regional gərginlik müdafiə ehtiyacını artırıb

Ekspertlər bildirirlər ki, bölgədə son aylarda raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artması İraqın hava müdafiə imkanlarını gücləndirməsini zəruri edib.

Son qarşıdurmalar zamanı ölkədə neft yataqları, diplomatik zonalar və hərbi düşərgələr müxtəlif hava hücumlarına məruz qalıb. Bu isə iqtisadiyyatının əsas hissəsi neft ixracından asılı olan İraq üçün ciddi risk yaradıb.

Kiber təhlükəsizlik və strateji əməkdaşlıq

Məlumata əsasən, tərəflər hava müdafiəsi ilə yanaşı, kiber təhlükəsizlik və regional təhlükəsizlik koordinasiyası sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə general-leytenant Saad Hərbiyə arasında keçirilən görüşdə təhlükəsizlik sahəsində koordinasiyanın artırılması barədə razılıq əldə olunub.

İraq rəsmiləri bildirirlər ki, ənənəvi hava müdafiə sistemlərində ucuz pilotsuz aparatların məhv edilməsi üçün çox bahalı raketlərin istifadəsi ciddi maliyyə yükü yaradırdı.

Türkiyə istehsalı olan yeni sistemlərin isə bu balanssızlığı aradan qaldıraraq daha çevik və iqtisadi müdafiə imkanı təqdim edəcəyi qeyd olunur.

Mütəxəssislərin fikrincə, Türkiyə və İraq arasında müdafiə sahəsində dərinləşən əməkdaşlıq həm regional sabitliyə, həm də “İnkişaf Yolu” layihəsi kimi iri iqtisadi təşəbbüslərin təhlükəsizliyinə töhfə verə bilər.

Mövzuya görə xəbərlər