BAKI,TurkicWorld
Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın yeni prototipi ilk taksi (yerüstü hərəkət) sınağını uğurla başa vurub.
TurkicWorld xəbər verir ki, ölkənin müdafiə sənayesinin ən mühüm layihələrindən biri hesab edilən KAAN proqramı çərçivəsində hazırlanmış iki yeni prototip ilk dəfə ictimaiyyətə təqdim olunub. Bu platformalar ötən il ilk uçuşunu həyata keçirən ilkin prototiplə müqayisədə bir sıra texniki yeniliklər və konstruktiv dəyişikliklərlə fərqlənir.
İki sınaq uçuşu həyata keçirmiş KAAN-0 prototipindən sonra istehsal edilən KAAN-1 hazırda yerüstü sınaqlarını davam etdirir. Bu mərhələ çərçivəsində yeni prototip ilk taksi testini uğurla tamamlayıb.
Milli imkanlarla layihələndirilərək istehsal edilən KAAN-ın qanad açıqlığı 14 metr, hündürlüyü 6 metr, uzunluğu isə 21 metrdir. Təyyarə təkpilotlu kabinəyə, iki mühərrikə, yüksək manevr qabiliyyətinə, aşağı radar görünürlüğünə, gövdədaxili silah bölmələrinə və inkişaf etmiş elektron müharibə sistemlərinə malikdir.
KAAN-ın pilotsuz uçuş aparatları, erkən xəbərdarlıq və idarəetmə təyyarələri, eləcə də digər hərbi platformalarla koordinasiyalı fəaliyyət göstərməsi nəzərdə tutulur.
Yeni nəsil qırıcı təyyarə hava-hava döyüşləri aparmaq, səsdən yüksək sürətlə gövdədaxili silah bölmələrindən yüksək dəqiqlikli zərbələr endirmək imkanına malik olacaq. Süni intellekt və neyron şəbəkə texnologiyalarının inteqrasiyası isə təyyarənin döyüş imkanlarını daha da artıracaq.







