BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin HÜRJET proqramı çərçivəsində Avropa ilə yeni müdafiə əməkdaşlığı genişlənir.
TurkicWorld xəbər verir ki, İspaniyanın aerokosmik şirkəti Airtificial ilə Türk Aviasiya və Kosmos Sənayesi arasında HÜRJET təlim təyyarəsi üçün uçuş idarəetmə sistemlərinin istehsalına dair 16 milyon avrodan artıq dəyərdə müqavilə imzalanıb.
Razılaşmaya əsasən, istehsal olunacaq “stick” tipli idarəetmə komponentləri İspaniya Hava və Kosmos Qüvvələrinin istismarında olan F-5 təyyarələrinin əvəzlənməsi üçün nəzərdə tutulan HÜRJET proqramında istifadə ediləcək.
Məlumata görə, sistemlərin çatdırılması növbəti beş il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Şirkət artıq ilkin istehsal və tədarük prosesinə başladığını açıqlayıb.
Bildirilir ki, İspaniya Müdafiə Nazirliyi TUSAŞ və Airbus tərəfdaşlığı çərçivəsində ümumilikdə 30 ədəd qabaqcıl təlim təyyarəsi əldə etməyi planlaşdırır. Layihənin ümumi büdcəsi 2,6 milyard avro təşkil edir və ilk təyyarələrin 2028-ci ildən etibarən təhvil verilməsi nəzərdə tutulur.
İstehsal Sevilya şəhərində yerləşən müəssisələrdə həyata keçiriləcək və komponentlər müasir “fly-by-wire” texnologiyası ilə təchiz olunacaq. Bu sistemlər müxtəlif uçuş rejimlərində işləyərək yüksək təhlükəsizlik və dəqiqlik təmin edir.
Mütəxəssislər qeyd edirlər ki, bu müqavilə həm HÜRJET proqramının beynəlxalq inteqrasiyasını gücləndirir, həm də Airtificial şirkətinin qlobal müdafiə sənayesindəki mövqeyini möhkəmləndirir.





