Son dəqiqə

TUSAŞ HÜRJET Havelsan TUSAŞ TÜRKSAT 6A istehsalı TUSAŞ 2025 HÜRJET NATO bazarına daxil olur: İspaniya ilə tarixi razılaşma

HAVELSAN İspaniyaya HÜRJET simulyatoru ixrac etməyə hazırlaşır

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin yeni nəsil reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə qazanılan uğur zəncirinə yeni bir halqa əlavə olunur. Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET təyyarələri ilə yanaşı, onun HAVELSAN tərəfindən hazırlanan "Tam Tapşırıq və Uçuş Təlim Simulyatoru" da beynəlxalq bazara çıxır.

TurkicWorld xəbər verir ki, HAVELSAN-ın Baş direktoru Mehmet Akif Nacar mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, şirkətin hazırkı imkanları tələbatı qarşılamadığı üçün Kahramankazanda yeni və nəhəng bir obyektin inşasına başlanılıb. Bu müəssisə tamamlandıqda Avropanın ən böyük simulyator istehsal və inteqrasiya mərkəzi olacaq.

Nacar qeyd edib ki, əvvəllər yalnız hazır platformalar üçün simulyatorlar hazırladıqları halda, HÜRJET layihəsində bir ilkə imza atılıb:

"HÜRJET-də hələ tamamlanmamış bir təyyarənin mühəndislik sınaqlarına, kokpit ssenarilərinə və manevr imkanlarının yoxlanılmasına mühəndislik simulyatorumuzla töhfə verdik. Eyni prosesi Milli Muharibə Təyyarəsi KAAN üçün də həyata keçiririk."

HÜRJET-in 2027-ci ildə Türkiyədə, 2028-ci ildə isə İspaniyada fəaliyyətə başlaması planlaşdırılır. İspaniya ilə imzalanan müqavilə çərçivəsində HAVELSAN simulyator proqram təminatlarını və məlumat paketlərini yerli tərəfdaşlara təqdim edəcək. Bu, Türkiyənin texnologiya idxal edən ölkədən, kritik proqram təminatı ixrac edən ölkəyə çevrilməsinin mühüm göstəricisidir.

Yeni nəsil simulyatorların fərqli özəlliyi ondan ibarətdir ki, təyyarəyə quraşdırılan xüsusi sistem sayəsində pilotlar real uçuş zamanı, heç bir xarici vizual sistemə ehtiyac duymadan müxtəlif döyüş ssenariləri üzrə təlim keçə biləcəklər.

HAVELSAN, HÜRJET simulyatorunu bu ilin son rübündə Türk Hava Qüvvələrinin istifadəsinə verməyi, ardınca isə ixrac prosesini sürətləndirməyi hədəfləyir. GÖKBEY, HÜRKUŞ və ATAK kimi milli platformaların xarici satışları artdıqca, Türkiyənin simulyator sahəsindəki gəlirlərinin də kəskin artacağı gözlənilir.

Mövzuya görə xəbərlər