Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Havelsan KAAN

Ərdoğan HAVELSAN-da SANCAR Silahlı Pilotsuz Dəniz Aparatının istifadəyə verilməsi mərasimində iştirak edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 22 il fasilə ilə gerçəkləşdirdiyi HAVELSAN ziyarətləri ölkənin müdafiə sənayesindəki milli dönüşümün ən bariz göstəricisinə çevrilib.

TurkicWorld xəbər verir ki, bu müddət ərzində Türkiyə müdafiə sənayesi sadəcə "montajçı" və "lisenziyalı istehsalçı" statusundan çıxaraq, öz layihələrini dizayn edən və dünyaya texnologiya ixrac edən bir güc mərkəzinə çevrilib. Bu transformasiyanın əsası 2004-cü ildə qəbul edilən və "hazır alış" əvəzinə "yerli istehsal" modelini ön plana çıxaran tarixi qərarlarla qoyulub.

Prezident Ərdoğan 2004-cü ildəki ilk ziyarəti zamanı xarici lisenziya ilə Türkiyədə istehsal olunan CN-235 nəqliyyat təyyarəsinin simulyatorunu sınaqdan keçirmişdi. Lakin 22 il sonra baş tutan növbəti ziyarət tamamilə fərqli bir mənzərəni ortaya qoyub. Bu dəfə dövlət başçısı tamamilə yerli imkanlarla hazırlanan SANCAR Silahlı Pilotsuz Dəniz Aparatının (SİDA) xidmətə qəbulu mərasimində iştirak edib.

Ziyarət çərçivəsində Milli Döyüş Təyyarəsi KAAN, reaktiv təlim təyyarəsi HÜRJET və GÖKBEY helikopteri kimi milli platformaların simulyatorlarının istehsal edildiyi anqarlar ziyarət olunub. Prezident Ərdoğan burada bir çox strateji layihənin təməlini qoyub və yeni obyektlərin açılışını reallaşdırıb.

"22 il əvvəl HAVELSAN-a gələndə xarici platformaların simulyatorlarını təcrübədən keçirirdik və hər sahədə asılılığı hiss edirdik. Bu gün isə öz milli platformalarımızı öz proqram təminatımız və mühəndisliyimizlə simulyasiya edə bilirik." - deyə Ərdoğan qeyd edib.

Tədbirin sonunda Prezidentə 22 il əvvəlki ziyarətini əks etdirən xüsusi maket hədiyyə edilib. Bu hədiyyə Türkiyənin müdafiə sənayesində keçdiyi tarixi yolun rəmzi kimi qiymətləndirilib.

Mövzuya görə xəbərlər