BAKI, TurkicWorld, Orxan Qədirzadə
Xarici resurs idarəetmə sistemlərinə alternativ olaraq hazırlanmış KOVAN Yeni Nəsil İş İdarəetmə Sistemi ilk dəfə xarici bazara çıxarılıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin “HAVELSAN” şirkəti tərəfindən hazırlanan proqram təminatı Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib.
Məlumata görə, KOVAN sistemi Türkiyənin strateji qurumlarında korporativ informasiya sistemlərinin təmin edilməsi məqsədilə inkişaf etdirilib və artıq ölkə daxilində bir sıra dövlət qurumlarında tətbiq olunur. Sistem Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsi, BOTAŞ, Ali Seçki Şurası, HAVELSAN və Teknopark İstanbul kimi qurumlarda istifadə edilir.
Qeyd olunub ki, KOVAN proqramının hərbi yönümlü “Personal İdarəetmə İnformasiya Sistemi” modulu Azərbaycanın Müdafiə Nazirliyində aktivləşdirilib. Bununla da sistem ilk dəfə ixrac edilib və beynəlxalq istifadəyə başlanılıb.
HAVELSAN tərəfindən 25 ildən artıq təcrübə əsasında hazırlanmış KOVAN sistemi açıq mənbə texnologiyaları ilə gücləndirilmiş milli platforma kimi təqdim olunur. Sistem Türkiyənin “Milli Texnologiya Hərəkatı” çərçivəsində proqram təminatı sahəsində ən mühüm layihələrdən biri hesab edilir.
Bildirilir ki, KOVAN xarici mənşəli korporativ resurs idarəetmə sistemlərindən asılılığı azaltmaq məqsədi daşıyır və xüsusilə müdafiə və dövlət sektorlarında məlumat təhlükəsizliyini artırır. Sistem kritik məlumatların yerli infrastrukturda saxlanılmasını təmin etməklə strateji üstünlük yaradır.
KOVAN platforması insan resursları, maliyyə və mühasibatlıq, logistika, təchizat və aktiv idarəetməsi kimi geniş funksional modulları özündə birləşdirir. Sistem həm yerli serverlərdə, həm də bulud mühitində işləyə bilir və böyük verilənlərin analizi üçün uyğun arxitekturaya malikdir.
Yüksək kibertəhlükəsizlik standartlarına uyğun şəkildə hazırlanmış KOVAN, müdafiə sənayesi tələblərinə cavab verən təhlükəsiz infrastruktur təqdim edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daha əvvəl HAVELSAN-ın texnoloji kampusunda çıxışı zamanı milli proqram təminatlarının əhəmiyyətini vurğulayaraq KOVAN sisteminin dövlət qurumlarının rəqəmsal infrastrukturunun qorunmasında mühüm rol oynadığını bildirmişdi.





