Bayraktar AKINCI PUA 30 min uçuş saatını uğurla tamamlayıb (ÖZƏL)

Bayraktar AKINCI PUA 30 min uçuş saatını uğurla tamamlayıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə həyata keçirilən AKINCI Layihəsi çərçivəsində Baykar tərəfindən hazırlanan Bayraktar AKINCI Pilotsuz Uçuş Aparatı 30 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Qeyd edək ki, Bayraktar AKINCI 29 avqust 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib. PUA 21 iyun 2022-ci il tarixində Müdafiə Sənayesi Rəhbərliyi və Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndə heyətlərinin iştirakı ilə həyata keçirilən dözümlülük və yüksək sürət sınaqları çərçivəsində 45,118 fut (13,716 metr) yüksəkliyə qalxaraq rekord qırıb.

Bayraktar AKINCI 2022-ci ildə təşkil edilən TEKNOFEST Azərbaycanda kokpitdə Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar ilə MIG-29 döyüş təyyarəsi ilə qol uçuşları həyata keçirib.

24 aprel tarixində isə Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA və AKINCI PUA Tekirdağ vilayətinin Çorlu rayonunda ilk dəfə qol uçuşu həyata keçirib.

Xatırladaq ki, 18 iyul tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın iştirakı ilə Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Baykar”ın baş direktoru Haluk Bayraktar və Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari imzalayıb. Bu çərçivədə Bayraktar AKINCI PUA-ları Səudiyyə Ərəbistanı Krallığının Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət göstərəcək.

Ləman Əsədli

Twitter: lamanasadli01