BAKI,TurkicWorld
Bayraktar TB3 SİHA “Denizkurdu-I/2026” təlimi çərçivəsində “TCG Anadolu” desant gəmisindən həyata keçirdiyi uçuş zamanı sonoboy atış testini uğurla başa vurub.
TurkicWorld xəbər verir ki, Türkiyənin milli pilotsuz uçuş aparatı Baykar tərəfindən hazırlanmış Sonoboy Atım Sistemi (SAS POD) vasitəsilə iki sonoboyun dənizə buraxılması üzrə sınaqları uğurla həyata keçirib. Bayraktar TB3 bununla yanaşı, dəniz patrul təyyarəsi ilə birgə əməliyyat icra edib.
Sentyabrın 20-dən 25-dək Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Şərqi Aralıq dənizində keçirilən “Denizkurdu-I/2026” təlimində Türkiyənin Dəniz, Quru, Hava və Sahil Mühafizə komandanlıqlarının bölmələri iştirak edir.
Təlim ssenarisinə uyğun olaraq sualtı qayıqlara qarşı mübarizə tapşırığı yerinə yetirən Bayraktar TB3 əməliyyat bölgəsində fəaliyyət göstərən dəniz patrul təyyarəsi ilə koordinasiyalı şəkildə işləyib.
Sınağın mühüm mərhələlərindən biri məlumatların inteqrasiyası olub. Bayraktar TB3 həm özü tərəfindən buraxılan sonoboylardan, həm də dəniz patrul təyyarəsinin yerləşdirdiyi sonoboylardan daxil olan məlumatları bortundakı emal sistemi vasitəsilə işləyib.
Pilotsuz uçuş aparatı əldə edilən sualtı məlumatların təlim şəraitində real vaxt rejimində nümayişini də həyata keçirib. Bu qabiliyyət Bayraktar TB3-ün dəniz əməliyyatlarında kəşfiyyat və sualtı müşahidə imkanlarını genişləndirən texnologiyalardan biri kimi təqdim olunur.
Baykar şirkətinin məlumatına görə, şirkət 2025-ci ildə 2,2 milyard dollar həcmində ixrac həyata keçirib və gəlirlərinin təxminən 90 faizini ixracdan əldə edib. Şirkət Bayraktar TB2 üçün 36 ölkə, AKINCI TİHA üçün isə 16 ölkə ilə ixrac müqavilələri imzaladığını bildirir.







