BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi qlobal uğurlar beynəlxalq münasibətlərdə maraqlı dəyişikliklərə səbəb olur.
TurkicWorld xəbər verir ki, 2019-cu ildə Türkiyəyə qarşı silah embarqosu tətbiq edərək PUA kameralarının satışını dayandıran Kanada, aradan keçən 7 ildən sonra Türkiyədən pilotsuz uçuş aparatları (PUA) satın almağı planlaşdırır.
Kanadanın 2019-cu ildə Ankaranın Suriyaya yönəlmiş hərbi əməliyyatları səbəbindən silah satışına qadağa qoyması, Türkiyənin "Baykar" və "TAI" kimi PUA istehsalçılarına ciddi təsir göstərmişdi. Hər iki şirkət Kanadanın "Wescam" firması tərəfindən istehsal olunan elektro-optik və qızılötəsi kameralardan istifadə edirdi. Lakin tətbiq edilən embarqo türk firmalarını yerli alternativlər axtarmağa məcbur etdi və hazırda Türkiyədə bu növ kameraları istehsal edən birdən çox yerli şirkət fəaliyyət göstərir.
Vəziyyət elə dəyişib ki, vaxtilə kameraların ixracını əngəlləyən Kanada, indi Türkiyədən müşahidə məqsədli, orta hündürlükdə uzun müddət havada qala bilən PUA-lar almaqla maraqlanır. Kanada Müdafiə Tədarükündən məsul Dövlət naziri Stiven Fur İstanbulda keçirilən paneldə ölkəsinin Türkiyə ilə müdafiə sənayesi sahəsində daha yaxın işləməyə hazır olduğunu bəyan edib.
Ottavadakı bu yanaşma dəyişikliyində ABŞ Prezidenti Donald Trampın təsiri olduğu vurğulanır. Kanadalı rəsmilər artıq Vaşinqtonun təmin etdiyi təhlükəsizlik çətirinə tam etibar etmir və Amerika silahlarından asılılığı azaltmaq üçün tədarük mənbələrini diversifikasiya etmək istəyirlər.






