Bayraktar TB2 pilotsuz döyüş uçuş aparatı sınaq zamanı havadan buraxdığı iki Skydagger FPV kamikadze dronu ilə müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub.
ArabAZ xəbər verir ki, Baykarın yerli imkanlarla hazırladığı aparatın yeni qabiliyyəti Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda sınaqdan keçirilib.
Şirkət Bayraktar TB2-nin dəyişən döyüş şəraitinə uyğun yeni imkanlarla təkmilləşdirildiyini bildirib.
16 FPV kamikadze dronla havaya qalxıb
Bayraktar TB2 Keşan Uçuş Təlim və Sınaq Mərkəzindən 16 Skydagger FPV kamikadze dronu daşıyaraq havaya qalxıb və sınaq ərazisinə uçub.
Burada aparatdan iki FPV dronu buraxılıb. Bayraktar TB2 vasitəsilə qurulan rabitə üzərindən operatorların idarə etdiyi dronlar müəyyən olunmuş hədəfləri dəqiqliklə vurub. Açıqlamaya görə, bu idarəetmə birbaşa yerüstü bağlantıdan asılı olmayıb.
İxrac lideri
Baykarın məlumatına görə, bütün layihələrini başlanğıcdan öz resursları ilə həyata keçirən şirkət 2025-ci ildə də pilotsuz uçuş aparatları seqmentində dünyanın ən böyük ixracatçısı mövqeyini qoruyub.
Son üç ildə qlobal pilotsuz döyüş uçuş aparatları bazarında liderliyini davam etdirdiyini bildirən Baykar 2025-ci ildə ixracını 2,2 milyard dollara çatdıraraq öz rekordunu yeniləyib.
Şirkət son illərdə gəlirlərinin 90 faizini ixracdan əldə etdiyini və Türkiyənin yüksək texnologiyalı məhsul ixracında aparıcı rol oynadığını qeyd edib.
Baykar: dünyanın ən böyük PUA şirkəti
Baykar 2023, 2024 və 2025-ci illərdə Türkiyədə bütün sektorlar üzrə ilk on ixracatçı arasında yer alaraq “İxrac çempionları” mükafatına layiq görülüb.
Müdafiə Sənayesi Komitəsi (SSB) və Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, şirkət 2021, 2022, 2023 və 2024-cü illərdə müdafiə və aerokosmik sənayenin ixrac lideri olub.
Baykar 2023-cü ildə sektor ixracının üçdəbirini, 2024-cü ildə isə dörddəbirini təkbaşına təmin edib. Şirkət bunun Türkiyənin qlobal pilotsuz döyüş uçuş aparatları ixracında aparıcı mövqeyə yüksəlməsinə töhfə verdiyini bildirib.
Özünü dünyanın ən böyük PUA şirkəti kimi təqdim edən Baykar ümumilikdə 39 ölkə ilə ixrac müqaviləsi imzalayıb. Bayraktar TB2 üzrə müqavilələr 36 ölkəni, AKINCI üzrə isə indiyədək 16 ölkəni əhatə edir.

