Son dəqiqə

Türkiyə İtaliya Selçuk Bayraktar Bayraktar TB2 Baykar Kızılelma Bayraktar Akıncı Türkiyə–İtaliya əməkdaşlı Türkiyə müdafiəsi Türkiyə müdafiə sənayesi inkişafı Türkiyə müdafiə ixracı

Baykar və Leonardo yeni PUA təqdim etdi

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyənin Baykar və İtaliyanın Leonardo şirkətlərinin birgə təsis etdiyi LBA Systems şirkəti Bayraktar TB3 platforması əsasında hazırlanan yeni pilotsuz uçuş aparatını (PUA) İngiltərədə keçirilən Farnborough Beynəlxalq Aviasiya və Müdafiə Sərgisində nümayiş etdirib.

Şirkətlərin birgə yaydığı açıqlamada bildirilib ki, "Astore Levante" adlandırılan yeni PUA Bayraktar TB3 platformasının Leonardo şirkətinin sensorları, missiya sistemləri və yerüstü idarəetmə stansiyası ilə inteqrasiyası nəticəsində yaradılıb. Həmçinin LBA Systems-ın artıq tam əməliyyat hazırlığı səviyyəsinə çatdığı qeyd olunub.

Məlumata görə, Astore Levante və KIZILELMA platformalarına dair istehsal fəaliyyətləri Leonardonun müəssisələrində həyata keçiriləcək. İlk Astore Levante partiyasının istehsalına başlanılıb və sistemlərin cari ilin sonunadək İtaliyadakı son istifadəçiyə təhvil verilməsi planlaşdırılır. Bayraktar TB2 və Akıncı platformaları üzrə işlər isə Baykarın İtaliyadakı istehsal müəssisələrində aparılacaq.

Açıqlamada Baykarın baş direktoru Haluk Bayraktarın fikirlərinə də yer verilib. O bildirib ki, LBA Systems Baykarın döyüş şəraitində sınaqdan çıxmış avtonom texnologiyalarını Leonardonun qabaqcıl avionika və faydalı yük sistemləri ilə birləşdirən strateji təşəbbüsdür.

Haluk Bayraktar vurğulayıb ki, KIZILELMA platformasının M-346 təyyarəsi ilə həyata keçirdiyi son pilotlu-pilotsuz birgə əməliyyat sınaqları (CUC-T) şirkətin avtonom sistemlərinin NATO standartlarına uyğun yetkinlik səviyyəsinə çatdığını nümayiş etdirib.

Leonardonun baş icraçı direktoru Lorenzo Mariani isə bildirib ki, LBA Systems sürətlə böyüyən pilotsuz sistemlər bazarına rəqabətqabiliyyətli məhsul portfeli ilə daxil olur. Onun sözlərinə görə, yeni şirkət Baykar platformalarına inteqrasiya edilə bilən Leonardo texnologiyalarından istifadə etməklə müasir əməliyyat tələblərinə cavab verən həllər təqdim edəcək.

Qeyd edək ki, Baykar və Leonardo arasında əməkdaşlığın əsası 2025-ci ilin martında Romada imzalanmış Anlaşma Memorandumu ilə qoyulub. Həmin ilin iyun ayında isə Paris Aviasiya Sərgisində tərəflər birgə müəssisənin yaradılması haqqında rəsmi müqavilə imzalayıblar.

İtaliya mərkəzli LBA Systems şirkəti pilotsuz hava sistemlərinin layihələndirilməsi, hazırlanması, istehsalı və texniki dəstəyi istiqamətində fəaliyyət göstərir. Tərəfdaşlar bu əməkdaşlığın Avropa və qlobal müdafiə bazarında yeni nəsil pilotsuz aviasiya sistemlərinin inkişafına töhfə verəcəyini bildirirlər.

Mövzuya görə xəbərlər