BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı ordu generalı Ercüment Tatlıoğlu, "Mavi Vatan-2026" təlimlərinin gedişatı zamanı Türkiyənin dəniz gücünü strateji səviyyəyə qaldıracaq tarixi layihələr barədə məlumat verib. O, Türkiyənin eyni anda 50 hərbi gəmi inşa etmə imkanına sahib olacağını bəyan edib.
TurkicWorld xəbər verir ki, Türkiyənin üç tərəfdən dənizlərlə əhatə olunmuş jeostrateji mövqeyinin güclü dəniz qüvvələrini zəruri etdiyini vurğulayan Tatlıoğlu, TCG Anadolu gəmisindən izlənilən təlimlərin Türkiyənin bu sahədəki qüdrətinin açıq bir göstəricisi olduğunu bildirib.
"Mavi Vatan-2026" təlimində 120 gəmi, 50 hava vasitəsi, 15 min şəxsi heyət iştirak edəcək.
Təlim Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində keçiriləcək.
General Tatlıoğlu hazırda Türkiyə gəmiqayırma zavodlarında aparılan işlərin miqyasını açıqlayıb. Onun sözlərinə görə, Türkiyə təkcə regionun deyil, dünyanın aparıcı dəniz güclərindən birinə çevrilməkdədir.
Türkiyənin yeni milli təyyarə gəmisi Aviahord-un (Təyyarə gəmisi) inşası sürətlə davam edir.
TCG Kocatepe gəmisinin ilk bloku artıq quraşdırılıb. "Tepe" sinfinə məxsus digərlərinin inşasına da yaxın zamanda başlanacaq.
"İstanbul" sinfi freqatları seriyasından olan 2, 3, 4 və 5-ci freqatlar artıq dənizə endirilib. 6, 7 və 8-ci freqatların inşası isə davam edir.
Milli sualtı qayıqlar, "Bayraktar" sinfi çıxarma gəmiləri və açıq dəniz patrul gəmiləri layihələri plan üzrə icra olunur.
Hazırda Türkiyə gəmiqayırma zavodlarında 37-si Hərbi Dəniz Qüvvələrinə, 4-ü isə Sahil Mühafizəsinə aid olmaqla 41 gəmi eyni vaxtda inşa edilir. Qısa müddətdə daha 9 gəminin inşasına başlanması ilə bu rəqəm 50-yə çatacaq.
Türkiyə təkcə platformalar deyil, həm də həmin gəmilərin silah arsenalını milliləşdirib.
Həmçinin 5 müxtəlif tip İnsansız dəniz vasitəsi və 2 tip "Kamikaze" pilotsuz dəniz vasitəsi inventara daxil edilib.
Türkiyənin "Mavi Vatan" doktrinası çərçivəsində atdığı bu addımlar, Aralıq dənizi və Egey dənizindəki güc balansını tamamilə dəyişir. Yerli istehsal olan gəmi və silah sistemləri Türkiyəni dənizlərdə tam müstəqil gücə çevirir.



