BAKI,TurkicWorld
“Bayraktar Teknoloji Azərbaycan” MMC-də çalışan azərbaycanlı mühəndis və texniklərin hazırladığı KASIRGA dolanan sursatı ADEX 2026 Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə ictimaiyyətə təqdim ediləcək.
TurkicWorld ArabAZ istinadən xəbər verir ki, sərgi sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.
2022-ci ildə təsis edilmiş BTA şirkətinin ilk platforması olan KASIRGA dolanan sursatının, tamamilə azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanması xüsusi önəm daşıyır.
ŞAQULİ QALXMA-ENMƏ VƏ İKİLİ TƏYİNAT İMKANLARI
Şaquli qalxma-enmə qabiliyyətinə malik olan KASIRGA, heç bir uçuş-enmə zolağına ehtiyac olmadan müxtəlif relyef şəraitində və ya təkərli nəqliyyat vasitələri üzərindən avtonom şəkildə qalxma və enmə həyata keçirə bilir.
Platforma havada asılı qalma və üfüqi uçuş mərhələlərində 4 elektrik mühərrikindən istifadə edir və həm kamikadze (dolanan sursat), həm də kəşfiyyat-müşahidə əməliyyatlarında fəaliyyət göstərə bilir.
Kəşfiyyat əməliyyatları zamanı bazaya qayıtma funksiyasına malik olan platformanın maksimal qalxma kütləsi 33 kq, faydalı yük qaldırma qabiliyyəti isə 6 kq təşkil edir.
SÜNİ İNTELLEKT DƏSTƏKLİ AVTONOM SİSTEM
5 kq-lıq döyüş başlığı və süni intellekt dəstəkli elektro-optik (EO) kamera sistemi ilə təchiz olunan KASIRGA, yüksək dəqiqliklə nişanalma imkanına malikdir.
80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma Bayraktar TB2, Bayraktar TB3 və ya AKINCI PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.
Anti-jamming (siqnal maneələrinə qarşı dayanıqlılıq), vizual mövqeləndirmə və sensor məlumatlarının sintezi əsasında işləyən avtonom uçuş sistemləri ilə təchiz olunan KASIRGA, kamikadze tapşırıqlarında 60 kilometr, kəşfiyyat fəaliyyətlərində isə 90 kilometr radiusunda əməliyyatları icra etmə qabiliyyətinə malikdir.







