BAKI,TurkicWorld Orxan Qədirzadə
Baykar və Türkiyənin T3 Vəqfi tərəfindən hazırlanmış süni intellekt dəstəkli T3 Gemstone O1 mini kompüteri təqdim edilib. Ovuc içi ölçüsündə olan qurğu pilotsuz uçuş, quru və dəniz vasitələri, həmçinin müxtəlif avtonom sistemlərdə idarəetmə və məlumat emalı üçün nəzərdə tutulub.
T3 Gemstone O1 saniyədə 4 trilyon əməliyyat gücünə malik 4 TOPS-luq süni intellekt sürətləndiricisi ilə təchiz edilib. Qurğu kameralar və sensorlardan daxil olan məlumatların emalı, görüntülərin təhlili, siqnal emalı və avtonom sistemlərin idarə olunması kimi funksiyaları yerinə yetirə bilir.
Mini kompüterdə prosessor, süni intellekt sürətləndiricisi, hərəkət sensorları, barometr və CAN FD bağlantısı kimi bir sıra komponentlər eyni lövhədə birləşdirilib. Bu yanaşmanın avtonom platformalarda əlavə avadanlıq, kabel və çəki ehtiyacını azaltması hədəflənir.
Qurğu pilotsuz uçuş aparatları ilə yanaşı, pilotsuz quru və dəniz vasitələri, robototexnika və digər avtonom sistemlərdə də istifadə oluna biləcək. T3 Gemstone O1 görüntü və siqnal emalı, mühərrik idarəetməsi və komanda-idarəetmə sistemləri üçün uyğunlaşdırılıb.
Baykarın baş direktoru Haluk Bayraktar bildirib ki, açıq mənbəli proqram təminatı və açıq avadanlıq arxitekturası ilə hazırlanan qurğunun təhsil müəssisələri, TEKNOFEST komandaları, məktəb və universitet tələbələri üçün əlçatan olması nəzərdə tutulur. Qurğunun bu qruplara mənfəət məqsədi olmadan material dəstəyi çərçivəsində təqdim ediləcəyi açıqlanıb.
T3 Gemstone O1-də 9 oxlu hərəkət sensoru, barometr, 2 ədəd real vaxt hesablama nüvəsi, M.2 NVMe yuvası, Gigabit Ethernet, Wi-Fi, kamera bağlantıları və Raspberry Pi ilə uyğun 40 pinli GPIO interfeysi də yer alır.







