Bakı,TurkicWorld
"Fərqani Kosmos" (Fergani Uzay) şirkətinin tamamilə milli imkanlar hesabına hazırladığı altıncı sınaq peyki "FRG-100D4" orbitə buraxılıb. Rabitə və naviqasiya imkanları ilə təchiz edilmiş 160 kiloqram ağırlığındakı yeni nəsil milli peyk hədəflənən orbitinə yerləşərək fəaliyyətə başlayıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, "Baykar" şirkətinin İdarə Heyətinin sədri və texnologiya lideri Səlcuq Bayraqdar tərəfindən təsis edilən "Fərqani Kosmos Texnologiyaları" milli mühəndislik potensialı əsasında ərsəyə gətirilən altıncı sınaq peykini - "FRG-100D4" aparatını 20 oktyabr 2026-cı il tarixində, Bakı vaxtı ilə saat 15:04-də ABŞ-nin Keyp-Kanaveral Kosmik Qüvvələri Bazasından kosmosa göndərib. "SpaceX" şirkətinin "Bandwagon-5" missiyası çərçivəsində orbitə çıxarılan peyk buraxılışdan təxminən 63 dəqiqə sonra daşıyıcı raketdən uğurla ayrılaraq 590 kilometr yüksəklikdəki hədəf orbitinə yerləşib.
Peykdə yeni milli avadanlıqlar
"FRG-100D4" "Fərqani" tərəfindən əvvəllər göndərilən peyklərlə müqayisədə tərkibindəki texnoloji yeniliklərlə mühüm inkişaf mərhələsini təcəssüm etdirir. Peykin üzərində şirkətin daxili resursları ilə tam yerli hazırlanan reaksiya çarxı, maqnit tork çubuğu, maqnetometr, inersial ölçmə qurğusu (IMU), qlobal naviqasiya peyk sistemi (GNSS) qəbuledicisi, istiqamətləndirilə bilən günəş panelləri, batareya paketi, regenerativ modem və faza tənzimləməli qəfəsli antena kimi strateji hissələr quraşdırılıb. Bununla yanaşı, aparatda mürəkkəb missiyaları icra etmək üçün süni intellekt dəstəkli bort kompüteri də yer alır. "Fərqani" mühəndisləri tərəfindən hazırlanan bu milli avionika avadanlıqlarının kosmik şəraitdə sınaqdan keçirilməsi və onlara kosmik uçuş tarixçəsinin qazandırılması Türkiyənin kosmik texnologiyalar sahəsində tam müstəqilliyi baxımından böyük əhəmiyyət daşıyır.
"Uluğ bəy" peyk qruplaşması layihəsində yeni mərhələ
"Fərqani" tərəfindən hazırlanan ən yüksək enerji istehsal gücünə malik "FRG-100D4" peyki avadanlıq və alt sistemlərin milliləşdirilməsi baxımından mühüm keçid nöqtəsidir. 160 kq kütləyə malik peyk yüksək yerlilik payı, təkmilləşdirilmiş naviqasiya və genişzolaqlı rabitə faydalı yükü ilə "Uluğ bəy" Peyk Qruplaşması (Uluğ Bey Takım Uydu) sisteminin formalaşdırılması istiqamətində əsas addım kimi kosmosa göndərilib. "Fərqani Kosmos" növbəti 5 il ərzində 200-dən artıq peykdən təşkil olunacaq "Uluğ bəy" Peyk Qruplaşması Sistemini tamamilə öz daxili maliyyə resursları hesabına tamamlamağı hədəfləyir. Bu sistem istismara verildikdə Türkiyə öz müstəqil naviqasiya və qlobal rabitə şəbəkəsinə sahib olacaq və bu strateji imkanı dost və tərəfdaş ölkələrlə bölüşə biləcək. Peyk qruplaşmasının tamamlanması ilə yanaşı, milli raket daşıyıcısının layihələndirilməsi istiqamətində də intensiv işlər davam etdirilir.
İki ildə 6 kosmik aparat
"FRG-100D4" ilə kosmosa altıncı aparatını göndərən "Fərqani Kosmos" 2025-ci ilin əvvəlindən etibarən apardığı sistemli layihələrlə qlobal kosmik sektordakı mövqeyini gücləndirir. Şirkətin kosmik fəaliyyəti 2025-ci ilin yanvarında seriyanın ilk peyki "FGN-100-D1"in göndərilməsi ilə başlayıb, ardınca həmin ilin 2 noyabr tarixində "FGN-100-D2" orbitə buraxılıb. Bu prosesi 2025-ci il noyabrın 28-də hibrid mühərrik sisteminə malik Orbitdaxili Daşıma Aparatının ("FGN-TUG-S01") kosmosa göndərilməsi izləyib. İnnovativ hibrid mühərrik texnologiyası ilə kosmosda ilk orbit yüksəltmə manevrini həyata keçirən və daşıdığı "FRG-10D1" kub peykini uğurla ayıran bu aparat Türkiyənin kosmik logistika bacarığı üçün həlledici addım olub. Şirkət tərəfindən ərsəyə gətirilən beşinci aparat — "FGN-100-D3" isə 2026-cı il martın 29-da kosmosa çıxarılıb.







