Son dəqiqə

İsrail Livan Hizbullah Livan-İsrail münasibətləri Cozef Aun Livan prezidenti

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

“Hizbullah”ın parlament qrupu Livan Prezidenti Cozef Aunun İsraillə “düşmənçiliyə” son qoymaq istiqamətində atdığı addımları tənqid edib. Qrup hesab edir ki, belə bir yanaşma Livanın siyasi sisteminin əsasını təşkil edən Milli Paktın prinsiplərini nəzərə almır.

TurkicWorld xəbər verir ki, “Hizbullah”ın parlament qrupu Prezident Cozef Aunun İsraillə münasibətlərdə yeni yanaşmasına qarşı çıxaraq bunun ölkədə mövcud siyasi razılaşmalarla uyğun gəlmədiyini bildirib.

“Hizbullah”ın baş katibi Nəim Qasım daha əvvəl Livanla İsrail arasında birbaşa danışıqların aparılmasını rədd etdiyini açıqlamışdı. O, İsraillə münasibətlərin bu şəkildə qurulmasına qarşı olduğunu bildirmişdi.

Livan rəhbərliyi isə dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam şəkildə təmin edilməsini qarşıya məqsəd qoyduğunu açıqlayıb.

Hakimiyyət bu çərçivədə “Hizbullah”ı silahlarını təhvil verməyə çağırsa da, indiyədək təşkilata qarşı bunun həyata keçirilməsinə yönəlmiş birbaşa addım atmayıb.

“Hizbullah”ın mövqeyi Livanda İsraillə gələcək münasibətlər və silahlı birləşmələrin ölkənin siyasi və təhlükəsizlik sistemindəki yeri ilə bağlı fikir ayrılıqlarının davam etdiyini göstərir.

Mövzuya görə xəbərlər