Bakı. TurkicWorld
Suriya Prezidenti Əhməd əş-Şaraa Qolan təpələrinin Suriyanın ərazisi olduğunu bəyan edərək, ölkənin suverenliyinin və beynəlxalq hüququn pozulmasına yönələn cəhdlərin qarşısının alınacağını bildirib.
TurkicWorld xəbər verir ki, Əhməd əş-Şaraa Qolanla bağlı mövqeyini BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsi ilə əsaslandırıb. Sözügedən qətnamədə İsrailin işğal altındakı Suriya Qolanında öz qanunlarını, yurisdiksiyasını və idarəçiliyini tətbiq etmək qərarının hüquqi qüvvəsinin olmadığı bildirilir.
Suriya Prezidenti ölkəsinin suverenliyinin pozulmasına yönələn istənilən cəhdin qarşısının alınacağını vurğulayıb. O, beynəlxalq hüquqa əməl edən və BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinin mahiyyətini dəyişdirməyə çalışmayan tərəflərə təşəkkür edib.
İsrail 1967-ci il müharibəsi zamanı Qolan təpələrini ələ keçirib. 1981-ci ildə İsrail bu ərazidə öz qanunlarını və idarəçiliyini tətbiq etmək barədə qərar qəbul edib. BMT Təhlükəsizlik Şurası isə 17 dekabr 1981-ci ildə qəbul etdiyi 497 saylı qətnamə ilə həmin qərarın hüquqi qüvvəsinin olmadığını bildirib və İsraildən onu ləğv etməsini tələb edib.
Əhməd əş-Şaraa çıxışının sonunda Suriyanın yenidən qurulması prosesinin davam etdiriləcəyini də bildirib. O, ölkənin uzun illər davam edən münaqişədən sonra bərpasını və beynəlxalq əlaqələrinin genişləndirilməsini əsas istiqamətlərdən biri kimi təqdim edib. Suriyanın hazırkı rəhbərliyi daha əvvəl də yenidənqurma, sabitlik və regional, eləcə də beynəlxalq tərəflərlə münasibətlərin inkişafını xarici siyasətin əsas istiqamətləri sırasında göstərib.
Suriya Prezidenti Dəməşqlə əməkdaşlıq edən ölkələrə və beynəlxalq təşkilatlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıqlar Suriyanın beynəlxalq mövqeyinin gücləndirilməsinə, sabitliyin təmin olunmasına və ölkənin gələcək inkişafına töhfə verə bilər.







