BAKI,TurkicWorld
Almaniyada texnologiya və müdafiə konserni "Rode və Şvars"ın (Rohde & Schwarz) Münhendəki baş qərargahına hücum edilib.
Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, gecə saatlarında şirkətin tikinti sahəsinin ərazisinə kustar üsulla hazırlanmış alışqan materiallar atılıb. Polisə zəng edən şahid bildirib ki, naməlum şəxslərin avtomobildən həmin alışqanları atmağını görüb.
Yanğın ocaqlarından biri şirkətin baş qərargahının qarşısındakı tikinti konteynerlərinin yerləşdiyi ərazidə baş verib. Yanğın qısa müddətdə söndürülüb. İkinci alışqan material isə yanğın başlamazdan əvvəl zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən 28 yaşlı qadın və 38 yaşlı kişi saxlanılıb. Məlumata görə, onların hər ikisi Bolqarıstan vətəndaşıdır. Baş verən hadisə hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilir.
"Rode və Şvars" elektron sınaq avadanlıqları, yayım və media texnologiyaları, kibertəhlükəsizlik, radio monitorinqi və radiolokasiya sahələrində ixtisaslaşmış beynəlxalq elektrotexnika şirkətlər qrupudur. Münhen mərkəzli konsern, xüsusilə, Almaniya ordusu üçün təhlükəsiz radio və kommunikasiya sistemləri hazırlayır və istehsal edir.







