Azərbaycan Azərbaycan Dəmir Yolları QSC Almaniya Orta Dəhliz

Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün əməliyyat səmərəliliyi yüksəldilir - ADY

BAKI,TurkicWorld

Azərbaycan Orta Dəhliz üzrə daha böyük həcmdə yükün daşınmasını təmin etmək məqsədilə dəmir yolu infrastrukturunun inkişafı ilə yanaşı, sərhədlərarası əməliyyatların və logistika proseslərinin səmərəliliyini artırır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri Emil Məmmədov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafının müxtəlif mərhələləri çərçivəsində infrastrukturun inkişafı son illərdə "Azərbaycan Dəmir Yolları"nın əsas prioritetlərindən biri olub.

"Son bir neçə il ərzində dəmir yolu sisteminin elektrikləşdirilməsi, yeni stansiyaların tikintisi və digər infrastruktur layihələri həyata keçirilib. Eyni zamanda, daha böyük həcmdə yükün daşınmasına hazırlaşmaq üçün sərhədlərarası əməliyyatlar da üzərində ciddi işlədiyimiz mühüm istiqamətlərdən biridir", – deyə o bildirib.

ADY sədrinin müşaviri qeyd edib ki, bu istiqamətdə əsas məqsədlərdən biri Orta Dəhliz boyunca yerləşən ölkələr arasında yükdaşımaların daha sürətli həyata keçirilməsinə imkan verən prosedurların və vahid sənədləşmə sisteminin inkişaf etdirilməsidir.

"Ölkələr arasında daha sürətli keçidi təmin edən prosedurların, vahid sənədləşmənin hazırlanması istiqamətində iş aparırıq. Bu, Orta Dəhliz boyunca hərəkətin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", – deyə o vurğulayıb.

E. Məmmədovun sözlərinə görə, daha böyük həcmdə yükün qəbul edilməsinə imkan verən digər mühüm amil Ələt Limanının dəmir yolu idarəçiliyinə verilməsi olub.

"Ələt Limanının dəmir yolu idarəçiliyinin tərkibinə daxil edilməsi bizə Qafqaz regionunun əsas giriş qapısında əməliyyat səmərəliliyini artırmağa və prosesləri daha yaxşı əlaqələndirməyə imkan verir", – deyə müşavir qeyd edib.

O bildirib ki, son statistik göstəricilər Bakı Limanı vasitəsilə daşınan yüklərin həcminin artdığını göstərir. Bu artım həm konteyner, həm də digər növ yüklər üzrə müşahidə olunur.

"Bakı Limanı vasitəsilə daşınan konteynerlərin sayında artım görürük. Eyni zamanda, həm toplu yüklərin, həm də konteynerləşdirilmiş yüklərin həcmi artır. Bu, təkcə infrastrukturun inkişafı ilə bağlı deyil, həm də əməliyyat səmərəliliyinin yüksəldilməsi ilə əlaqədardır", – deyə o bildirib.

ADY sədrinin müşaviri qeyd edib ki, Orta Dəhlizin qarşısında duran əsas məsələlərdən biri də marşrut boyunca bütün iştirakçılar arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsidir.

"İnfrastrukturun inkişafı ilə yanaşı, Orta Dəhliz boyunca koordinasiya və əməkdaşlıq üzərində də işləyirik. Buraya həm ölkə daxilində müxtəlif maraqlı tərəflərlə, həm də Orta Dəhliz boyunca digər iştirakçılarla əməkdaşlıq daxildir", – deyə E. Məmmədov əlavə edib.

Mövzuya görə xəbərlər