Son dəqiqə

Azərbaycan Almaniya İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycan-Almaniya münasibətləri İqtisadi tərəfdaşlıq

Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub

BAKI,TurkicWorld

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı: biznes dialoqu və əməkdaşlıq” mövzusunda əlavə panel sessiya təşkil olunub. Sessiyada iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafı, birgə layihələr və biznes əməkdaşlığı imkanları müzakirə edilib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində təşkil olunan sessiya Alman-Azərbaycan Xarici Ticarət Palatasının əməkdaşlığı ilə baş tutub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yüksək səviyyəli təmasların və qarşılıqlı əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini vurğulayıb.

Səməd Bəşirli bildirib ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri iki ölkə arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verib.

O qeyd edib ki, strateji gündəlik üzrə razılaşmalar və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq üçün daha geniş imkanlar yaradır.

Paneldə sənaye və texnologiyaların ötürülməsi, enerji resurslarından səmərəli istifadə, nəqliyyat-logistika imkanları və regional bazarlara çıxış istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Sessiyada Almaniya Şərq Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, “1Global” şirkətinin İdarə Heyətinin sədri Hannes Ametstreiter, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Milla Dairy” şirkətinin baş icraçı direktoru Azər Vahabzadə iştirak ediblər.

İştirakçılar Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti, qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığının genişləndirilməsi, texnologiya və innovasiya sahəsində yeni imkanlar barədə fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər